bu müharibənin uzanması nəticəsində iki böyük alman dövlətinin
zəifləyəcəyini düşünürdü. Daha sonra zəifləmiş Prussiya və
Avstriyanın ərazilərini tutmaq Fransanın maraqlarına uyğun idi.
III Napoleon Bismarkla görüşü zamanı onunla razılaşmaqda hansı
məqsədləri güdürdü?
Prussiya müharibəyə çox yaxşı hazırlaşmışdı. 1866-cı ildə baş
verən Sadova döyüşündə Prussiya qüvvələri Avstriyanı məğlub
etdi. Bismark Prussiya kralının Vyananı tutmaq istəyinə qarşı
çıxdı. Çünki Fransa ilə müharibə qaçılmaz idi. O düşünürdü ki,
yeni müharibə ərəfəsində Avstriyanın tamamilə sıradan çıxarılması
ilə Avropada güc tarazlığının pozulması Prussiyanın zərərinə olar.
1866-cı ildə imzalanmış müqavilənin şərtlərinə görə Alman
ittifaqına son qoyuldu. Avstriyanın iştirakı olmadan yeni ittifaq
yaradılmalı idi. Avstriya Şlezviq-Holşteynin Prussiyaya
verilməsinə razı oldu. Beləliklə, Almaniyanın birləşdirilməsində
ən böyük əngəllərdən biri aradan qalxdı.
Prussiya krallığı əldə etdiyi üstünlüklərdən sonra xeyli gücləndi.
Müqaviləyə əsasən Şimali Alman İttifaqı quruldu. İttifaqa
daxil olan alman dövlətləri daxili müstəqilliklərini saxlasa da,
xarici siyasətdə və hərbi məsələlərdə Prussiyadan asılı idi.
Şimali Alman İttifaqının üzvü olan dövlətlərin nümayəndələrindən
ibarət Reyxstaq ( İmperiya Məclisi ) quruldu. Reyxstaq
1867-ci ildə Şimali Alman İttifaqı üçün vahid konstitusiya
hazırladı.
Fransa Reyn çayının şərqində güclü bir alman dövlətinin
qurulmasından çox narahat idi və Avstriya-Prussiya müharibəsinin
qısa müddətdə bitəcəyinə inanmırdı. Fransanın əzəli məqsədlərinə
zərbə dəymişdi: çünki o, xarici siyasətində sərhədləri yanında
güclü bir alman dövlətinin qurulmasına imkan verməməyə çalışırdı.
Yaranmış bu gərginlik Fransa ilə Prussiya arasında müharibəyə
səbəb oldu. Prussiyanın həlledici qələbəsi ilə müharibə başa
çatdı.
Fransanın Avropadakı üstünlüyünə son qoyuldu. Beləliklə, vahid
Almaniya dövlətinin qurulmasında