ALMANİYA XIX YÜZİLLİYİN BİRİNCİ YARISINDA
XIX yüzilliyin əvvəllərində bir sıra Avropa dövlətlərindən fərqli
olaraq Almaniya hələ də dağınıq halda idi. Feodal qaydalarının
hökm sürməsi birləşməyə mane olurdu. Həmçinin Fransanın alman
torpaqlarına qarşı apardığı işğalçı siyasət də vahid alman
dövlətinin yaradılmasına ən böyük əngəl idi.
Siyasi dağınıqlıq və feodal qaydaları Almaniyanın iqtisadi
inkişafına necə təsir etmişdi?
Alman dövlətləri içərisində vahid dövlət qura biləcək yalnız iki
dövlət - Avstriya və Prussiya
idi. Ancaq aralarındakı ziddiyyətlər buna imkan vermirdi. Vyana
konqresinin qərarları da Almaniyanı parçalanmış halda qalmağa
məhkum etdi. Yaradılmış Almaniya ittifaqı daxilində Avstriya və
Prussiya arasında çəkişmələr daha da şiddətləndi.
Siyasi dağınıqlıqla yanaşı, feodal qaydalarının da mövcud olması
Almaniyanın iqtisadi inkişafına maneələr yaradırdı. Almaniyanın
şərqində torpaqların böyük hissəsi feodalların mülkiyyətində
qalırdı. Bəzi təsərrüfatlarda muzdlu əməkdən istifadə edilir, emal
müəssisələri qurulurdu. Fransa ilə sərhəddə olan Reynboyu
əyalətlərdə feodal qaydaları ləğv edilmişdi. Həmin dövrdə ölkədə
dağ-mədən və kimya sənayesi sürətli inkişafa qədəm qoymuşdu.
Vyana konqresinin qərarlarının Almaniya üçün təsirlərini izah
edin.
Daxili ticarəti genişləndirmək məqsədilə 1834-cü ildə Avstriya
istisna olmaqla, Almaniya ittifaqında gömrük sərhədlərinin ləğv
edilməsi nisbi inkişafa təkan verdi. Dəmir yollarının çəkilməsi
sənaye istehsalının həcmini artırsa da, Almaniya yenə də Böyük
Britaniya və Fransadan geri qalırdı. Çünki ölkədə davam edən
siyasi pərakəndəlik, müxtəlif pul, ölçü və çəki sistemlərinin
olması vahid iqtisadiyyatın inkişafına mane olurdu.
Vahid dövlətin qurulması və feodal qaydalarının bütün ölkə
ərazisində ləğv olunması tələbləri ilə üsyanlar başladı. Üsyanda
irəli sürülən tələblər 1848-ci il inqilabının əsas məqsədinə
çevrildi. Prussiya da daxil olmaqla bəzi alman