İki böyük dövlət öz təsir dairələrini möhkəmləndirməyə başladı.
ABŞ 1948-ci ildən “Marşall planı”nı tətbiq etməyə başladı.
Plana əsasən Avropa ölkələrinin iqtisadiyyatının bərpa olunması
üçün iqtisadi yardımlar edildi. Bu dövlətlərlə bağlanan
müqavilələrə görə gömrük tariflərinin endirilməsinə, idxal
məhdudiyyətlərinin aradan qaldırılmasına qərar verildi.
Avropada sülhü və iqtisadi əməkdaşlığı möhkəmləndirmək üçün
sonralar – 1957-ci ildə
Avropa İqtisadi Birliyi (indiki Avropa Birliyi)
yaradıldı. ABŞ və Qərbi Avropa hərbi sahədə də təşkilatlandı.
1949-cu ildə ABŞ, Kanada və Qərbi Avropanın bir sıra dövlətləri
Şimali Atlantika Müqaviləsi Təşkilatını (NATO) yaratdı.
SOSİALİST BLOKUNUN YARANMASI
1940-cı illərin ikinci yarısında Rumıniya, Macarıstan, Polşa,
Bolqarıstan və Çexoslovakiyada SSRİ-nin müdaxiləsi ilə sovet
modelli rejimlər yaradıldı. Təkpartiyalı sistem, planlı
iqtisadiyyat və milliləşdirmə tətbiq edildi. Bu dövlətlər SSRİ ilə
hərbi-siyasi əməkdaşlığa məcbur olunurdu. Yalnız Yuqoslaviya
bundan imtina edə bildi. 1949-cu ildə “Marşall planı”na alternativ
olaraq sosialist bloku ölkələri
Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) yaradaraq Sovet
İttifaqının yardımından istifadə etdi.
Həmin ildə Çində də kommunistlərin hakimiyyətə gəlməsi və SSRİ-nin
atom bombası hazırlamağa nail olması sosialist blokunu daha da
gücləndirdi. Beləliklə, sosial-iqtisadi və ideoloji cəhətdən
bir-birinə zidd sistemlərin yaranması dövlətlərarası münasibətləri
kökündən dəyişdirdi. Qərb bloku kommunizmin yayılmasından, SSRİ
isə blokadaya alınmasından çəkinirdi. Hər iki tərəfin atom
bombasına malik olması müharibə baş verəcəyi halda, dünyanın məhv
ediləcəyi təhlükəsini yaradırdı.
ABŞ Cənub-Şərqi Asiya, Yaxın Şərqdə yeni hərbi ittifaqlarla
SSRİ-nin ətrafında güclənməkdə davam edirdi. SSRİ buna 1955-ci
ildə sosialist dövlətlərinin hərbi blokunun –
Varşava Müqaviləsi Təşkilatının yaradılması ilə cavab
verdi.