İlk dövrlərdə Cənubi Koreyada siyasi sabitlik yox idi. Tez-tez
hərbi çevriliş baş verirdi. 1960-cı illərin ortalarından
başlayaraq həyata keçirilən islahatlar ölkənin müasir iqtisadi
inkişafının – “Koreya möcüzəsi”nin başlanğıcını qoydu. Bu
dövrdə özəlləşdirilmə aparılır, böyük yerli şirkətlər himayə
edilirdi. Ölkəyə ABŞ və Yaponiya kapitalının daxil olması, 1980-ci
illərin ikinci yarısından başlanan siyasi sabitləşmə iqtisadi
inkişafı sürətləndirirdi.
1960-cı illərin ortalarından başlayan “Koreya möcüzəsi”nin
səbəblərini təhlil edin.
XX əsrin ikinci yarısında Yaponiya və Cənubi Koreyanın siyasi və
iqtisadi inkişaf xüsusiyyətlərini müqayisə edin.
Müasir dövrdə Koreya xalqının başlıca məqsədi iki hissəyə bölünmüş
tarixi vətənlərinin birləşdirilməsidir. Soyuq müharibənin başa
çatması bu istiqamətdə ümidlərin artmasına səbəb oldu. Cənubi və
Şimali Koreya dövlət başçıları arasında danışıqlar prosesi həyata
keçirildi. Lakin son dövrdə Şimali Koreya rəhbərliyinin təcavüzkar
siyasəti, nüvə sınaqları keçirməsi bölgədə və dünyada sülh üçün
təhlükə yaradır.
Çin, Yaponiya və Koreyanın İkinci dünya müharibəsindən sonrakı
tarixi üçün sinxron cədvəl tərtib edin.