“Mədəni inqilab” dövründə məktəblilər
“Mədəni inqilab” illərində Çin dünya siyasətindən, demək olar,
kənarda qalmışdı. 1960-cı illərdə SSRİ ilə münasibətlər
pisləşmişdi. ABŞ-nin Tayvan hökumətinə kömək etməsi də bu ölkə ilə
münasibətləri gərginləşdirirdi. Çinin təcrid olunması ölkə
rəhbərliyini narahat edirdi. Ona görə də Qərblə münasibətləri
yumşaltmaq təşəbbüsü göstərildi. 1971-ci ildə ABŞ Çinə qarşı
siyasətini dəyişdi və Çin Xalq Respublikasının BMT-yə üzv qəbul
edilməsinə razılıq verdi. Bu ölkələr arasında diplomatik, mədəni
və məhdud ticarət əlaqələri yarandı.
Den Syaopin başda olmaqla bir qrup praktik düşüncəli islahatçılar
hakimiyyəti ələ keçirdilər və “Mədəni inqilab”ı sona çatdırdılar.
1970-ci illərin sonunda Den Syaopin Çinin lideri oldu.
“Köhnə inqilabçılar”ın hakimiyyətinə son qoyuldu. Kommunist
olmasına baxmayaraq, Den Syaopin mülayim iqtisadi siyasət həyata
keçirdi. O, praqmatik siyasətini belə ifadə edirdi:
“Mənim üçün bir pişiyin ağ və ya qara olmasının fərqi yoxdur,
önəmli olan onun siçan tutmasıdır”. Maonun əksinə, o, Çin iqtisadiyyatının inkişafı üçün kapitalist
üsullarının da tətbiq olunmasına şərait yaratdı. Beləliklə,
“Dörd modernləşmə”
adlanan və kənd təsərrüfatı, sənaye, elm, texnologiya və hərbi
sahələrdə inkişafı əhatə edən islahat həyata keçirdi.