İRAQ
1958-ci ildə İraqda hərbi çevriliş baş verdi və monarxiya
devrildi. İraq respublika elan edildi. 1960–1970-ci illərdə hərbi
çevrilişlərin baş verməsi ölkədə siyasi sabitliyin yaranmasına
mane olurdu. 1967-ci ildə İraq İsrailə müharibə elan etdi.
Həmçinin İsraili müdafiə etdiyi üçün ABŞ və digər Qərb
dövlətlərinə neft satışını dayandırdı. Bütün xarici şirkətlər
milliləşdirildi. Bundan sonra İraqın ABŞ ilə diplomatik
münasibətləri pisləşdi və o, SSRİ ilə yaxınlaşdı. 1979-cu ildə
Səddam Hüseynin hakimiyyətə gəlməsi ilə İraq tarixində yeni
mərhələ başladı. Onun ziddiyyətli şəxsiyyəti hakimiyyətdə olduğu
dövrdə İraq tarixinə də təsir göstərdi.
1980-ci ildə İraq İrana müharibə elan etdi. İslam inqilabından
sonra İranın inqilabı bütün müsəlman ölkələrinə yaymaq siyasəti
müharibənin başlamasına təsir göstərdi. Xomeyninin İraqın şiə
əhalisini üsyana çağırması vəziyyəti daha da gərginləşdirdi. ABŞ
Yaxın Şərqdə “regional bir gücün” meydana gəlməsini istəmədiyindən
bölgədə milli və dini münaqişələrdən istifadə edirdi. Əslində, ABŞ
hər iki tərəfin müharibə nəticəsində zəifləməsini istəyirdi. İslam
inqilabından sonra münasibətləri gərginləşən İrana silah satması
ABŞ-nin bu siyasətinin nəticəsi idi. Müharibə dövründə ABŞ İraqa
silah (hətta kimyəvi silahlar) satır və kəşfiyyat sahəsində
yardım edirdi.
İranın qonşu dövlətlərin daxili işlərinə qarışma siyasətini necə
dəyərləndirirsiniz?
İran-İraq müharibəsində İran ordusunda vuruşan uşaq əsgər