2000-ci ildə keçirilən seçkilərdə Vladimir Putin Rusiya
Federasiyasının ikinci prezidenti seçildi. Onun siyasətinin
əsasını dövlət hakimiyyətinin möhkəmləndirilməsi və Rusiyanın
beynəlxalq nüfuzunun bərpa edilməsi təşkil edirdi. Siyasi sabitlik
və Rusiyanın ixracatının əsasını təşkil edən neft-qaz
məhsullarının qiymətinin dünya bazarında yüksəlməsi nəticəsində
ölkənin sosial-iqtisadi vəziyyəti yaxşılaşmağa başladı. Hərbi
sənaye sahəsində görülən işlər Rusiyanın əvvəlki hərbi mövqeyinin
bərpasına səbəb oldu.
MÜASİR RUSİYANIN XARİCİ SİYASƏTİ
1991-ci il dekabrın 8-də Rusiya, Ukrayna və Belorusiyanın iştirakı
ilə yaradılan Müstəqil Dövlətlər Birliyinə Baltikyanı ölkələrdən
başqa, sonralar bütün keçmiş sovet respublikaları daxil oldu.
1992-ci ildə Daşkənddə imzalanan müqaviləyə əsasən keçmiş SSRİ-nin
hərbi əmlakı vaxtilə ona daxil olan respublikalar arasında
bölüşdürüldü. Nüvə silahına nəzarəti isə Rusiya öz əlində saxladı.
Belorusiya və Ukrayna ərazilərində yerləşən nüvə silahlarının
Rusiyaya aparılmasına razılıq verdi. Daha sonra Ukrayna və
Qazaxıstan nüvə silahına sahib olmaq hüquqlarını irəli sürdü.
Lakin Rusiya və ABŞ-nin təzyiqi ilə hər iki dövlət 1994-cü ildə
Budapeştdə nüvə silahının yayılmaması müqaviləsinə qoşuldu.
Rusiya, Ukrayna, Böyük Britaniya və ABŞ-nin imzaladığı
Budapeşt protokolu ilə Kiyev rəhbərliyinə heç bir ölkənin
Ukraynaya qarşı güc tətbiq etməyəcəyi, eyni zamanda, ölkənin
suverenliyinə və mövcud sərhədlərinə hörmətlə yanaşılacağına dair
təminat verildi.
Qara dəniz donanmasına görə Rusiya ilə Ukrayna arasında olan
gərgin münasibətlər 1997-ci ildə öz həllini tapdı. Buna
baxmayaraq, Krım yarımadası Ukrayna ilə Rusiya arasında mübahisəli
ərazi kimi qaldı. Ukraynanın Qərb ölkələri ilə yaxın əlaqələri və
Ukrayna kilsəsinin Moskva Pravoslav kilsəsindən ayrılmaq istəyi
ətrafında yaranan mübahisələr Rusiya ilə Ukrayna münasibətlərini
daha da gərginləşdirdi. Bu vəziyyətdən istifadə edən Rusiya
2014-cü ildə Krımı ilhaq etdi.