FRANSA XIX YÜZİLLİYİN BİRİNCİ YARISINDA
Birinci respublikanın süqutundan sonra 1804-cü ilin yazında
Napoleon Bonapartın imperator elan edilməsi ilə Fransada Birinci
imperiya yarandı. I Napoleon hakimiyyətini gücləndirmək üçün bütün
idarəçiliyi əlində cəmləşdirdi. Yerli özünüidarəetmənin ləğv
olunması ilə mərkəzləşmiş idarə sistemi yaradıldı. Andlı
məhkəmələr ləğv olundu, bütün məhkəmə orqanları hökumətdən asılı
hala salındı.
Birinci imperiya dövründə Fransanın daxili siyasətinin
xarakterini müəyyən edin.
Birinci imperiya dövründə Fransada hüquq sisteminin
təkmilləşdirilməsi sahəsində tədbirlər görüldü. Qəbul edilmiş yeni
qanunlara görə şəxsiyyətin toxunulmazlığı, vicdan azadlığı və
bərabərlik hüququ rəsmiləşdirilsə də, əslində, bu, formal xarakter
daşıyırdı. Xüsusi mülkiyyət toxunulmaz elan olundu. Fəhlə
ittifaqları və tətillər qadağan edildi. Fəhlələr sahibkarlarına
münasibətdə hüquqsuz vəziyyətdə qalırdı.
I Napoleon Bonapartın yaratdığı idarəçilik diktatorluq səciyyəsi
daşıyırdı. Burjuaziyanın dövlətin idarə edilməsində iştirakı
məhdudlaşdırılırdı. Kəndlilər imperiyanın əsas dayağı hesab
olunur, onları hökumətin ətrafında birləşdirmək üçün millətin
birliyi ideyası təbliğ olunurdu. Buna baxmayaraq, əhalinin
əksəriyyəti kimi onlar da hüquqsuz vəziyyətdə idi.
XIX yüzilliyin əvvəllərində Fransa yenə də aqrar ölkə kimi
qalırdı. Əhalinin böyük hissəsi kəndlərdə yaşayırdı. İnqilab kənd
təsərrüfatında kapitalist münasibətlərinin inkişafı üçün şərait
yaratmışdı. Aparılan geniş miqyaslı müharibələr kənd təsərrüfatı
mallarına tələbatı artırırdı. Buna görə də əvvəllər qadağan
olunmuş kartof əkini üzərində məhdudiyyətlər götürüldü və onunla
bərabər yeni bitkilərin əkini genişləndirildi. Həmin bitkilər,
əsasən, əksəriyyəti mülkədarlara məxsus olan torpaqlarda
becərilirdi.