məxsus olan Qarabağın dağlıq ərazilərinə qarşı iddia irəli sürdü.
Tezliklə Ermənistanda və Qarabağda azərbaycanlı əhaliyə qarşı
terrorçuluq fəaliyyəti başlandı. Ermənistanda yaşayan
azərbaycanlılar öz tarixi torpaqlarından növbəti dəfə deportasiya
edildi. Sovet rəhbərliyi tərəfindən bu hadisələrə göz yumulması
ölkədə yeni milli münaqişə ocaqlarının yaranmasına səbəb oldu.
Bütün bunlar iqtisadi və siyasi böhranı daha da dərinləşdirdi.
SSRİ-nin dağılması nə üçün yeni münaqişələrin yaranması ilə
müşahidə edilirdi?
Ölkədə baş verən hadisələrdə partiya və dövlət rəhbərliyindəki
mühafizəkar qrup Qorbaçovu günahlandırdı. 1991-ci ilin avqustunda
dövlət çevrilişinə cəhd edilsə də, bu, uğursuz oldu. Ölkədə
kommunist rejiminə qarşı narazılığın artması mərkəzi hakimiyyətin
süqutunu sürətləndirdi. SSRİ-yə daxil olan müttəfiq respublikalar
öz müstəqilliyini elan etdi. 1991-ci ilin dekabrında Qorbaçovun
istefası ilə SSRİ-nin varlığına son qoyuldu.
RUSİYA FEDERASİYASI
Rusiya 1990-cı ilin iyununda öz müstəqilliyini elan etsə də, o,
SSRİ-nin varlığına tamamilə son qoyulduqdan sonra bir dövlət kimi
fəaliyyətə başladı. 1992-ci ildən etibarən dövlətin adı rəsmi
olaraq Rusiya Federasiyası adlandı.
İlk prezident Boris Yeltsinin dövründə Rusiyanın iqtisadi
vəziyyəti ağır idi. Bazar iqtisadiyyatına keçidlə bağlı iqtisadi
islahatların əsasında özəlləşdirmə prosesi dayanırdı. Lakin bu
prosesdə yol verilən qanunsuzluqlar, korrupsiya və ölkədə kriminal
vəziyyətin pisləşməsi islahatların uğursuzluğuna səbəb oldu.
İnflyasiyanın artması əhalinin vəziyyətini pisləşdirdi.
Bu dövrdə siyasi həyatda da müəyyən dəyişikliklər baş verdi.
Çoxpartiyalı sistem formalaşdı, milli quruculuqda dəyişikliklər
baş verdi.
Rusiya Federasiyasında ən mürəkkəb məsələlərdən biri
millətlərarası münasibətlərdir. Ölkənin çoxmillətli olması
etnik-dini münaqişələrin artmasına səbəb olurdu. Federasiyanın
tərkibində olan muxtar vilayət və respublikalarda müstəqillik
meyilləri gücləndi.