SSRİ
İkinci dünya müharibəsi nəticəsində SSRİ-nin iqtisadiyyatına böyük
zərbə vurulmuşdu. Şəhər və kəndlər dağıdılmış, sənaye müəssisələri
və kənd təsərrüfatı böyük zərər görmüşdü. Bu müharibədə SSRİ
milyonlarla vətəndaşını qurban vermiş və daxili təqiblər
nəticəsində bir sıra xalqlar sürgün olunmuşdu.
Müharibənin ağır nəticələrini aradan qaldırmaq üçün hakimiyyət
tədbirlər görməyə başladı. Amma görülən bəzi tədbirlər ölkə
iqtisadiyyatına və əhalinin güzəranına daha pis təsir göstərirdi.
1946-1950-ci illəri əhatə edən dördüncü “beşillik plan”da ölkə
iqtisadiyyatının bərpa edilməsi nəzərdə tutulmuşdu. Ağır və hərbi
sənayeyə böyük miqdarda vəsait ayrılması səfalət içərisində
yaşayan əhalinin vəziyyətini daha da pisləşdirirdi.
İkinci dünya müharibəsinin SSRİ-nin iqtisadi vəziyyətinə
təsirlərini izah edin.
Talon sisteminin ləğv edilməsindən sonra zəruri ərzaq mallarına
dövlət tərəfindən müəyyən edilən vahid qiymətlər tətbiq olundu.
Ölkənin maliyyə problemini aradan qaldırmaq və müharibə dövründə
buraxılan saxta əskinasları dövriyyədən çıxarmaq üçün pul islahatı
keçirildi.
Müharibədən sonra sərt idarəetmə sisteminin yumşaldılması
gözlənilsə də, bu baş vermədi. Stalinin totalitar rejimi daha
qəddarlıqla ölkəni idarə etməkdə davam edirdi.
Cəmiyyətin bütün sahələri, siyasi və sosial-iqtisadi fəaliyyət
dövlətin inhisarında idi. Rejim rəsmi ideoloji təbliğatı
gücləndirmişdi. 1940-cı illərin ikinci yarısı - 1950-ci illərin
əvvəllərində repressiyalar daha da sərtləşdirildi. Lakin 1953-cü
ildə İ.Stalinin ölümü ölkəni nəzərdə tutulan repressiyaların yeni
dalğasından xilas etdi.