Mühafizəkarlar və Liberallar partiyası
daha çox tərəfdar toplamaq üçün ölkəni bu müşkül vəziyyətdən
çıxarmağa çalışırdı. Liberalların apardığı siyasət nəticəsində
İngiltərəyə və onun müstəmləkələrinə Almaniyadan məhsul idxalı
məhdudlaşdırıldı.
XX yüzilliyin əvvəllərində İngiltərə dünyanın ən güclü və ən
zəngin ölkələrindən biri idi. London dünyanın maliyyə mərkəzinə
çevrilmişdi. İngilis valyutası dünya bazarlarında əsas pul vahidi
kimi qalmaqda idi. Ölkə sənayesində yeni sahələrin inkişaf
etməsinə baxmayaraq, yenə də sənaye ABŞ və Almaniyadan geri
qalırdı. Lakin kapital ixracı sahəsində İngiltərə Fransanı
üstələmişdi.
BÖYÜK BRİTANİYANIN MÜSTƏMLƏKƏ SİYASƏTİ
Nüfuz dairələri uğrunda aparılan mübarizədə İngiltərənin əsas
rəqibi Fransa, Yaxın Şərqdə isə Rusiya idi. Bu özünü müstəmləkə
işğallarında da göstərirdi.
İngiltərə dünyanın müxtəlif yerlərində müstəmləkə işğallarını
davam etdirirdi. Onun müstəmləkələri arasında əsas yeri Hindistan
tuturdu. Əfqanıstanın işğalı uğursuz olsa da, XIX yüzilliyin
ortalarında Hindistanın işğalı başa çatdırıldı, Çin isə
yarımmüstəmləkəyə çevrildi.