Fəhlə və sənətkarların, torpaqsız kəndlilərin iqtisadi
vəziyyətinin pisləşməsi həm də hökumətin yarıtmaz siyasəti ilə
bağlı idi. Ərzaq məhsullarının dəyərinin artması və iri torpaq
sahiblərinin hökmranlığı inflyasiyanı sürətləndirir, əmək
haqqının dəyərini azaldırdı. Buna görə İngiltərədə sosial
ziddiyyətlər kəskinləşdi. Ölkədə sosial-siyasi mübarizənin
güclənməsi həm də Fransa inqilabının təsiri ilə bağlı idi.
İngiltərə Fransaya qarşı koalisiyada iştirak etdiyi vaxtdan
etibarən onunla müharibələr aparırdı. İngiltərə burjuaziyasının
əksəriyyəti Fransaya qarşı müharibəni müdafiə edirdi. Çünki Fransa
dünya ticarətində və müstəmləkə siyasətində İngiltərənin əsas
rəqibi idi. Ona görə də İngiltərə Fransanı müharibə yolu ilə
zəiflətməyə çalışırdı. Bu müharibələr dövlət borcunun və
vergilərin xeyli çoxalmasına səbəb olsa da, İngiltərədə sənayenin
və ticarətin inkişafına təkan vermişdi.
İngilis burjuaziyası Fransaya qarşı müharibəni niyə müdafiə
edirdi?
Fransanın tətbiq etdiyi “Qitə (kontinental) blokadası”
İngiltərədə məhsul istehsalına və xarici ticarətə qismən mənfi
təsir etmişdi. Müstəmləkələrinin imkanlarından istifadə edərək
İngiltərə qitə blokadasının təsirini azalda bildi. Fransanın
müharibədə məğlub olması nəticəsində Avropada və dünyada
İngiltərənin mövqeləri möhkəmləndi.
Müstəmləkələrin talan olunması nəticəsində İngiltərəyə böyük
miqdarda xammal gətirilirdi.