AXC parlamenti ordu quruculuğuna xüsusi
diqqət yetirirdi. Belə ki 1919-cu ildə dövlət
büdcəsinin təqribən, 1/3-i hərbi xərclərə ayrılmışdı.
Ordunun şəxsi heyətinin hərbi bacarıqlarının
artırılmasına, peşəkar milli zabit
kadrlarının hazırlanmasına, nizam-intizamın
gücləndirilməsinə, ordunun silah-sursatla
tam təmin olunmasına böyük əhəmiyyət
verilirdi. Orduda Azərbaycan dilinin
öyrədilməsi, savadsızlığın aradan qaldırılması
istiqamətində mühüm işlər görülürdü.
Hərbi qulluqçuların geyim formasının
milli üslubda hazırlanması döyüşçülərin
milli ruhunun gücləndirilməsində əhəmiyyətli
addım oldu.
1919-cu ilin iyununda imzalanmış
Azərbaycan- Gürcüstan hərbi-müdafiə və
hərbi-texniki əməkdaşlıq haqqında sazişlərin
də Milli Ordunun formalaşdırılmasında
mühüm əhəmiyyəti var idi. Ölkənin xarici
təhdidlərdən təhlükəsizliyini təmin etmək
məqsədilə 1919-cu ilin iyununda Baş Qərargahın
nəzdində Əks-inqilabla Mübarizə
Təşkilatı yaradıldı.
Azərbaycan Milli Ordusunun yaradılması sahəsində
hansı çətinliklər mövcud idi?