sultanlıqları da Rusiyaya ilhaq edildi. Beləliklə,
Azərbaycanın şimal torpaqlarının işğalı
prosesində ilk addım atılmış oldu. Bu hadisə
Gəncə və İrəvan xanları tərəfindən ciddi etirazla
qarşılandı. İrəvan xanı Məhəmməd
xan Rusiyanın işğalçı siyasətinə qarşı daha
qətiyyətlə çıxış edərək pəmbəkliləri işğalçılara
boyun əyməməyə çağırdı, onlara rus
qoşunlarının işğal etdikləri əraziləri tərk edib
İrəvana köçməyi təklif etdi. Xanın müraciəti
ilə 600 pəmbəkli İrəvana pənah gətirdi.
İrəvan xanı öz nümayəndəsini Tiflisə göndərərək
şahın fərmanına əsasən Pəmbək vilayətinin
ona məxsus olduğunu da bildirmişdi.
Şəmşəddilin ruslar tərəfindən ilhaqına
cavab olaraq oxşar addımı Gəncə xanı Cavad
xan Ziyadoğlu da atmışdı. Lakin Azərbaycan
xanları arasında birliyin olmaması səbəbindən
bütün cəhdlər nəticəsiz qaldı.