dövləti ərazisində olan ingilis qoşunlarını
köməyə çağırmağa sövq edirdi. Bakı Sovetinin
iyulun sonlarında keçirilən iclasında
bolşeviklərin bu qərara etirazı bir nəticə
vermədikdə XKS fəaliyyətini dayandırdı.
Avqustun 1-də Bakıda yaradılmış “Sentrokaspi
diktaturası” adlı hakimiyyət orqanında
da erməni siyasi təşkilatları əsas rol
oynayırdı. Onların israrlı xahişi ilə general
Denstervilin başçılığı altında ingilis qoşunları
avqustun 4-dən etibarən İrandan
Bakıya gəlməyə başladı. Gələn hərbi qüvvənin
gözlənildiyindən xeyli az olması (1000
nəfərə qədər) erməniləri məyus etdi.
İngilis komandanlığı şəhərdəki hakimiyyətin
yerli silahlı qüvvələrin döyüş qabiliyyətinin
zəif olduğunu yəqin etdi. İngilis generalı
şəhərin və onun ətrafındakı yaşayış yerlərinin
müsəlman əhalisinin yaxınlaşmaqda
olan Azərbaycan-Osmanlı qoşunlarına
rəğbətini gördükdən sonra Bakını tərk
etmək qərarına gəlsə də, Sentrokaspi
diktaturası buna imkan vermədi.
Bu zaman Almaniya müttəfiqi Osmanlı
dövlətinə və AXC-yə qarşı xain addım ataraq
avqustun 27-də sovet Rusiyası ilə bağladığı
gizli sazişə əsasən müəyyən qədər neftin
müqabilində Bakını Azərbaycan- Osmanlı
qoşunlarından qorumaqla bağlı üzərinə
öhdəlik götürdü. Almaniya hərbi- siyasi
dairələrinin fikrincə, onlar Bakı neftinə
yetişməklə müharibənin gedişində mühum
dönüşə nail ola bilərdilər.
Bakıda möhkəmlənməyə çalışan yadelli qüvvələrin
ən başlıca problemlərini müəyyən edin.
Osmanlı və Azərbaycan hökumətlərinin
təzyiqləri, müharibədə uğursuzluqların
artması və sovet Rusiyasının Bakıda hakimiyyətini
bərpa edə bilməməsi ilə əlaqədar
Almaniya sazişdən imtina etməli oldu.
Sentyabrın 15-də Bakının azad edilməsi
üçün Azərbaycan-Osmanlı hərbi qüvvələrinin
həlledici hücumu uğurla nəticələndi.
Düşmən qüvvələri pərakəndə şəkildə
gəmilərlə şəhərdən qaçmağa məcbur oldu.
Sentyabrın 17-də Azərbaycan hökuməti
Bakıya köçdü. Bununla da ölkə ərazisinin
böyük bir hissəsində AXC-nin hakimiyyəti
bərqərar edildi.