İstiqlal Bəyannaməsi və Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılması. Hadisələrin
bu cür inkişafı Cənubi Qafqazın, o cümlədən
Azərbaycanın sonrakı tarixinə ciddi
surətdə təsir göstərdi. İstər Tiflisdə fəaliyyət
göstərən Cənubi Qafqaz Seymi, istərsə də
Bakıda hakimiyyətini müsəlmanların qanı
üzərində quran Bakı Soveti Azərbaycan
xalqının maraqlarına və təhlükəsizliyinə
təminat vermirdi. Seymin dağılması onun
tərkibində olan müsəlman fraksiyasının
üzvlərini Azərbaycan xalqı üçün tale yüklü
qərar vermək zərurəti qarşısında qoyurdu.
Məsələ burasında idi ki, Şimali Azərbaycanda
formalaşan siyasi partiya və təşkilatların
arasında da ölkənin gələcəyi ilə bağlı ciddi
fikir ayrılıqları hökm sürürdü: bəzi ictimai-
siyasi xadimlər Osmanlı dövləti ilə birləşməyə,
bəziləri isə Rusiyanın tərkibində
qalmağa üstünlük verirdilər. Bu qüvvələri
M.Ə.Rəsulzadə “ilhaqçılar” adlandırır, onlara
qarşı qətiyyətlə mübarizə aparırdı. Onun və
Müsəlman fraksiyasında çoxluq təşkil edən
digər müsavatçıların fikrincə, siyasi reallıq
Azərbaycanın müstəqil dövlət olmasını
diqtə edirdi.