Qafqazla bağlı müddəalarına görə Qars,
Batum və Ərdəhan Osmanlı dövlətinə
qaytarılmalı idi. Başqa sözlə, Rusiya və
Osmanlı dövləti arasında 1877–1878-ci illər
müharibəsi ərəfəsindəki sərhədlər bərpa
edilirdi.
Lakin Seymdə olan gürcü və erməni fraksiyaları
buna kəskin etiraz etdi. Onlar bu
ərazilərin geri qaytarılmasını qəbul etmək
istəmirdilər. Nəticədə Seymin Osmanlı
dövlətinə müraciəti əsasında Trabzonda
sülh konfransı öz işinə başladı. Danışıqlar
martın 14-dən aprelin 13-dək davam etdi.
Osmanlı dövləti Cənubi Qafqazın Rusiyadan
ayrılmasında maraqlı idi. Buna görə də
Cənubi Qafqaz Seymini müstəqil dövlət
kimi görmək istəyirdi. Seym daxilində də
Brest-Litovsk sülhünün Cənubi Qafqaz ilə
bağlı müddəalarına münasibətdə fikir
ayrılıqları hökm sürürdü. Azərbaycanlı
deputatlar yalnız Batumun Seymdə qalması
şərtilə sülh müqaviləsi bağlanmasının
tərəfdarı idi. Bakı neftinin ixracı üçün
Batum şəhərinin mühüm əhəmiyyətini
Seymdəki müsəlman fraksiyası gözəl
anlayırdı. Gürcü deputatlar da bu ideyanı
dəstəkləyirdilər. Eyni zamanda, gürcülər
Ərdəhanın, ermənilər isə Qarsın osmanlılara
verilməməsini israr edirdilər. Nəticədə
Müsəlman fraksiyasının etirazlarına baxmayaraq,
Seymin gürcü və erməni nümayəndələri
Osmanlı dövlətinə müharibə elan
etdilər. Seym-Osmanlı müharibəsi cəmi
səkkiz gün çəkdi. Batumu ələ keçirən
Osmanlı qoşunları Brest-Litovsk sülhü ilə
müəyyənləşdirilən ərazilərdə də öz hakimiyyətlərini
bərpa etdi. Müharibənin davam
etdirilməsində maraqlı olmayan
osmanlılar Seymə danışıqları bərpa etmək
təklifi göndərdi. Müsəlman fraksiyası və
gürcü nümayəndələri erməni fraksiyasının
kəskin etirazlarına baxmayaraq, Osmanlı
dövləti ilə sülh bağlanılmasına səs verdilər.
Seymin Osmanlı dövlətinə qarşı müharibə qərarını
necə qiymətləndirərdiniz?
Osmanlı dövlət xadimlərindən olan Ənvər
paşanın təklifi ilə Cənubi Qafqaz Seymi
Rusiyadan ayrılmaq və ümumi müstəqil
dövlət qurmaq qərarı verdi. Beləliklə,
1918-ci il aprelin 22-də Seym Cənubi