Müəssislər Məclisində hakimiyyət məsələsinin
həllinə kimi yerli özünüidarə orqanı qismində
yaradılmış Komissarlıq cari sosial-iqtisadi
və hərbi vəziyyətin nizama salınmasına
çalışırdı. Lakin Komissarlığın tərkibi
bölgədə yaşayan millətlərin sayına mütənasib
qurulmamışdı. Cənubi Qafqazda azərbaycanlılar
sayca çox olsalar da, komissarlıqda
gürcülər və ermənilərlə bərabər sayda
təmsil olunmuşdular. Milli siyasi qüvvələrin
arasında daxili və xarici siyasətin bir sıra
məsələləri ilə bağlı fikir ayrılıqları komissarlığın
fəaliyyətinə mane olurdu.
Noyabrın sonlarında Müəssislər Məclisinə
keçirilən seçkilər bolşeviklərin Cənubi
Qafqazda sosial bazalarının məhdud olduğunu
göstərdi. Burada seçicilərin əksəriyyəti
öz səslərini milli partiyalara vermişdi.
Hətta sosial dayaqlarının güclü olduğu düşünülən
Bakıda bolşeviklərə seçicilərin yalnız
20%-i səs vermişdi.
Dekabrın 5-də Ərzincanda Cənubi Qafqaz
komissarlığı ilə Osmanlı dövləti arasında
müqavilə imzalandı. Bununla Qafqaz cəbhəsində
hərbi əməliyyatlar dayandırıldı, rus
ordusunun cəbhə xəttindən çıxarılmasına
başlanıldı.
Əsgərlər arasında bolşevik təbliğatının yayılmasından
narahat olan komissarlıq dekabrda
Qafqaz cəbhəsindəki rus ordusunun
tərxis olunması, bir neçə gündən sonra isə
ordunun milli zəmində yaradılması
haqqında qərarlar qəbul etdi.
Gürcü və erməni hərbi hissələrində istər
şəxsi heyətin cəlb edilməsi, istərsə də silahsursat
təchizatı ilə bağlı çətinliklərin olmaması
onların formalaşdırılmasını sürətləndirdiyi
halda, Azərbaycan ordusunun
yaradılması ciddi problemlərlə qarşılaşdı.
Beləliklə, 1917-ci ildə Rusiya imperiyasında
baş vermiş siyasi dəyişikliklər azərbaycanlıların
milli azadlıq uğrunda hərəkatının
daha kütləvi xarakter almasına səbəb oldu.
Azərbaycanın milli siyasi qüvvələri yaranmış
tarixi şəraitdə milli muxtariyyət ideyasının
həyata keçiriləcəyinə ümid edirdi.
Ərzincan barışığının hərbi və siyasi əhəmiyyətini
izah edin.