XIX əsrdə Azərbaycanda dramaturgiyanın
əsasını qoymuş Mirzə Fətəli Axundzadə
həm də maarifçi və ictimai xadim idi. Onun
“Aldanmış kəvakib” povesti Azərbaycanda
realist nəsrin ilk nümunəsi sayılır. XIX əsrin
sonlarında “Mirzə Fətəli məktəbi”nin davamçıları
olan Nəcəf bəy Vəzirov, Əbdürrəhim
bəy Haqverdiyev, Nəriman Nərimanov
milli dramaturgiyanı yeni əsərlərlə zənginləşdirdilər.
XX əsrin əvvəllərində ədəbiyyatda tənqidirealist
nəsrin ən görkəmli nümayəndəsi
Cəlil Məmməd quluzadə hesab edilir. O,
Azərbaycan ədəbiyyatında realist hekayəçiliyin
əsasını qoymuşdur.
Bu dövrdə satirik poeziyanın inkişafında
Mirzə Ələkbər Sabirin rolu çox böyükdür.
İncəsənət. Memarlıq. XIX əsrdə milli musiqinin
ənənəvi janrları olan aşıq və muğam
sənəti inkişaf edirdi. İstedadına görə
fərqlənən Aşıq Ələsgərin yaradıcılığı aşıq
şeiri ənənələrinin davam etdirilməsi istiqamətində
əhəmiyyətli mərhələ idi. Bu
dövrdə muğam sənətinin görkəmli ifaçıları
Hacı Hüsü, Xarrat Qulu, Cabbar Qaryağdıoğlu
bütün Qafqazda ən məşhur xanəndələr
kimi tanınırdılar.
Təsviri sənətin görkəmli nümayəndəsi
Mirzə Qədim İrəvani portret ustası kimi
şöhrət tapmışdı. O, İrəvanda Xan sarayının
bərpasında çalışmış, binanın divarlarını
“Oturan qadın”, “Abbas Mirzə” portretləri
ilə bəzəmişdi.
XIX əsr incəsənət tarixinin ən böyük nailiyyəti
teatrın yaranması idi. 1873-cü ildə Bakı
Realni məktəbində M.F.Axundzadənin “Sərgüzəşti-
vəziri-xani-Lənkəran” əsərinin tamaşaya
qoyulması ilə Azərbaycanda milli teatrın
əsası qoyuldu. 1883-cü ildə H.Z.Tağıyev
daha bir xeyirli iş görərək teatr binası tikdirib
onu azərbaycanlı aktyorların ixtiyarına
verdi.
Kapitalist münasibətlərinin inkişafı nəticəsində
Bakıda əhali sürətlə artır, şəhər getdikcə
böyüyürdü. Qala divarlarından kənarda
Çəmbərəkənd, Dağlı məhəlləsi, Quba
meydanı adlandırılan yeni məhəllələr yaranırdı.
Kortəbii tikilən bu məhəllələrin sakinlərinin
çoxu Bakının kəndlərindən, Xızıdan
və yaxın ərazilərdən iş tapmaq üçün şəhərə
üz tutanlar idi. Yaranmış vəziyyət quberniya