Onun “Səyahət bağı” və digər
əsərlərində Yaxın və Orta Şərq, Hindistan,
Şimali Afrikanın coğrafiyası, etnoqrafiyası,
tarixi, sosial-mədəni həyatı haqqında öz
həmvətənlərinə qiymətli məlumatlar çatdırılmışdır.
A.Bakıxanov bu sahədə də öz sözünü
demişdir. O, “Ümumi coğrafiya” və
natamam qalan “Kəşfül-Qəraib” əsərlərinin
müəllifidir.
Rusiyada şərqşünaslıq elminin təşəkkülü və
inkişafinda azərbaycanlı alimlərin mühüm
xidməti və əməyi olmuşdur. A.Bakıxanovun
“Qanuni-Qüdsi” əsəri hökumət mükafatına
layiq görülmüş və Rusiyada fars dilinin tədrisində
istifadə edilmişdir. Rus şərqşünaslığının
inkişafında Mirzə Cəfər Topçubaşov
və Mirzə Kazım bəyin müstəsna xidmətləri
olmuşdur. Şərqşünaslıq elminə verdikləri
töhfələrə görə hər iki alim təkcə Rusiyada
deyil, Avropada da tanınmışdı. Hər ikisi Böyük
Britaniya Kral Cəmiyyətinin həqiqi üzvü
seçilmişdi. Mirzə Kazım bəyin əsərləri alman,
fransız və ingilis dillərinə tərcümə
edilmişdir. Onun vəfatı münasibətilə yazılmış
nekroloqda deyilirdi: “Nə qədər ki Şərq
haqqında məlumatlar işlənəcək – bu isə
heç vaxt dayandırılmayacaq – Kazım bəyin
adı hörmətlə çəkiləcək”.
XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində
müxtəlif elm sahələrində alimlik dərəcəsinə
yüksələnlər Rusiyanın və Avropanın ali məktəblərinin
məzunları idilər. Bu alimlərin arasında
Azərbaycanda neft kimyası üzrə ilk
elmi laboratoriya yaratmış Mövsüm bəy
Xanlarov öz istedadı ilə seçilirdi. O, Almaniyada
ali təhsil almış, kimya doktoru dərəcəsinə
yüksəlmişdi. Xalqın maariflənməsində,
mədəniyyətin və ictimai fikrin inkişafında
əvəzsiz xidməti olan Həsən bəy Zərdabi
Moskva Universitetinin təbiət elmləri şöbəsini
bitirmişdi. Azərbaycana qayıtdıqdan
sonra ictimai fəaliyyətlə yanaşı, biologiya,
kənd təsərrüfatı və təbiət biliklərinin yayılması
istiqamətində də çalışmışdır.
XX əsrdə Azərbaycanda ziyalıların – alimlərin
yeni nəsli meydana gəldi. Şərqşünas alim
kimi Avropada məşhurlaşan Əhməd bəy
Ağayev Fransanın Sorbonna Universitetində
təhsil almışdı. Coğrafiya elminin inkişafında
böyük xidməti olan İbrahim ağa
Vəkilov hərbi topoqrafiya üzrə görkəmli
mütəxəssis idi.