Məşrutə (Konstitusiya) hərəkatı. İranda bütün
bu həyəcan və etirazların siyasi partlayışa
çevrilməsi bir qığılcıma bənd idi.
1905-ci il dekabrında Tehranda Baş nazir
Eynüddövlənin qəndin qiymətinin bahalaşmasını
bəhanə edərək paytaxtda 17 taciri
həbs etdirib döydürməsi, onların dükanlarının
qarət olunması qığılcım rolunu oynadı.
Tehranla yanaşı, Təbriz, Ərdəbil, Xoy, Zəncan
və Cənubi Azərbaycanın digər şəhərlərində
də bazar və dükanlar bağlandı, etiraz nümayişləri,
çıxışlar başlandı. Yüzlərlə adam
müqəddəs yerlərdə
bəstə oturdu*
.
*Bəstə oturmaq
əhalinin toxunulmaz saydığı müqəddəs
yerlərdə, xarici ölkələrin səfirliklərində
oturaraq keçirdiyi dinc etiraz forması
Etirazçıların tələbləri bunlar idi:
Konstitusiyanın (Məşrutənin) qəbulu
Məclisin, yəni parlamentin çağırılması
Xarici məmurların ölkədən qovulması
Arası kəsilməyən çıxışlar nəticəsində
qorxuya düşən şah hökuməti inqilabçıların
tələblərinə əməl etməyə məcbur oldu.
1906-cı ilin avqustunda Müzəffərəddin şah
Konstitusiya qəbul edilməsi haqqında fərman
verdi. Bunun ardınca məclisə seçkilər
keçiriləcəyi elan olundu. Təbriz şəhərində
seçkili orqanlar – əncümənlər yaradıldı. Əncümən
qanunverici hakimiyyət orqanı idi.
Bütün qərar və sərəncamlar onun tərəfindən
verilirdi.
Çörək bolluğu, ucuzluq və gözlənilən hücumlara
qarşı taxıl ehtiyatı yaratmaq üçün
xüsusi komissiya təşkil olundu. Komissiya
şəhərdəki taxıl anbarlarını möhürlədi və
kəndlərdən buğda-arpa gətirilməsini təşkil
etdi. Hər gün əncümənin təyin etdiyi qiymətə
çörəkçilərə verilən taxıldan bişirilən
çörək əhaliyə ucuz satılırdı. Şəhəri müdafiə
etmək məqsədilə varlıların üzərinə “Müharibə
xərci” adlanan vergi qoyulmuşdu.