Xalisə dövlətə məxsus torpaqlardır. İcarəyə
verilir və ya məmurlar tərəfindən idarə
edilirdi. Bu torpaqların idarə edilməsi yarıtmaz halda olduğundan 1886-cı ildə onların satılması haqqında fərman verilmişdi.
Mülk və ya ərbabi feodallara məxsus olub,
irsi xarakter daşıyırdı. Bütün İranda əkinəyararlı
torpaqların 66%-ni təşkil edirdi.
Tiyul hərbi və ya mülki xidmət müqabilində
verilən torpaqlar idi. Şərti xarakter daşıyırdı.
Vəqf dini idarələrə, mədrəsələrə, ruhanilərə
bağışlanan torpaqlardır.
İlati ayrı-ayrı tayfalara xidmət müqabilində
verilən, əsasən, otlaqlardan ibarət torpaqlardır.
Tədricən tayfa başçılarının əlinə
keçirdi.
Xırdamalik kəndlilərin və ya kiçik mülkədarların
əlində olan cüzi torpaq payları olub,
əsasən, Urmiya ərazisində geniş yayılmışdı.
Böyük torpaq sahələri iri mülkədarların
əlində toplanmışdı. Onlar öz mülklərində
istədikləri kimi vergi toplayır, kəndliləri
istismar edirdilər. XIX əsrin sonlarına yaxın
əhalidən 20 adda vergi yığılır və ya mükəlləfiyyət
tələb edilirdi. Yığılan vergilərə misal
olaraq qapıpulu (otlaqlara görə), başpulu
(hər baş mal-qaraya görə) və digərlərini
göstərmək olar.
Dövlətin topladığı əsas vergi torpaqpulu idi.
Sabit olan bu vergi kəndlilərin əldə etdiyi
məhsulun 10%-nə bərabər hesablanırdı.
Cənubi Azərbaycanda mövcud olan torpaq
mülkiyyət formaları haqqında təqdimat hazırlayın.