İlk azərbaycanlı hərbi təyyarəçi.
Fərrux ağa Qayıbov Qərb cəbhəsində vuruşan
aviasiya hissəsində xidmət etmişdir.
F.Qayıbovun zabit təyin olunduğu hərbi
təyyarənin heyəti alman qoşunlarının mühüm
strateji məntəqələrini bombardman
etmək məqsədilə 1916-cı ildə həyata keçirilən
əməliyyatda iştirak etmiş, düşmən təyyarələri
ilə qeyri-bərabər döyüşə girmək
məcburiyyətində qalmışdı. Heyət üzvləri
döyüşdə almanların 4 təyyarəsindən 3-nü
vurmağı bacarsalar da, sonda qəhrəmancasına
həlak olmuşdular.
Müharibənin Şimali Azərbaycan iqtisadiyyatına
təsiri. Rusiyanın digər arxa cəbhə rayonlarından
fərqli olaraq, Şimali Azərbaycan
iqtisadiyyatı müharibənin daha ağır təsirlərinə
məruz qaldı.
İqtisadiyyat müharibə dövrünün tələblərinə
uyğunlaşdırılmışdı. Nəqliyyat yolları ilə,
əsasən, hərbi yüklər daşınırdı. Ənənəvi ticarət
yolları bağlanmış, ölkəyə xammal gətirilməsi,
demək olar ki, dayanmışdı.
Kənd təsərrüfatında dənli və texniki bitkilərin
əkini xeyli azalmışdı. Taxıl məhsulunun
istehsalı, təqribən, 2 dəfə aşağı düşmüşdü.
Qoşqu heyvanlarının ordu üçün müsadirə
olunması nəticəsində Azərbaycanda kəndli
təsərrüfatlarının yarıdan çoxu iş heyvanlarından
məhrum olmuşdu. 1915-ci il iyunun
15-də çarın fərmanı ilə Azərbaycan kəndlərində
kişilərin 30%-nin arxa cəbhədə işlərə
cəlb edilməsi kənd təsərrüfatında işçi qüvvəsinin
kəskin şəkildə azalması ilə nəticələndi.
Nəqliyyat problemləri səbəbindən Şimali
Azərbaycanın Rusiyanın ərzaq istehsal edən
başlıca rayonları ilə əlaqələrinin çətinləşməsi
ölkəyə ərzağın gətirilməsində də ağır
vəziyyət yaratmışdı. Rusiya imperiyasının
mühüm sənaye mərkəzlərindən biri olan
Bakıda zəruri ərzaq məhsullarının qiymətlərinin
artması əhalinin yaşayışını xeyli ağırlaşdırmışdı.
Şimali Azərbaycanın iqtisadiyyatının böhran
vəziyyətinə düşməsinin səbəbləri nədir?