könüllülər qırğınların törədildiyi bölgələrə
getməkdən, əhaliyə maddi, ərzaq, tibbi və
silah yardımı göstərməkdən çəkinmirdilər.
Erməni–daşnak hücumlarının gündəngünə
artması, hökumətin isə onlara dəstək
verməsi Azərbaycan ziyalılarının əməli fəaliyyətə
keçməsinə səbəb oldu.
“Difai” (“Müdafiə”) partiyası Ə.Ağayevin
başçılığı ilə tezliklə vahid milli təşkilata
çevrildi. Onun Gəncə, Naxçıvan, Şuşa, Ağdam,
hətta Qars və Vladiqafqazda belə şöbələri
açıldı. Bu partiya öz məqsəd və məramlarını
ifadə etmək üçün “İrşad” adlı qəzet
çap etdirirdi. Bu mətbuat orqanı milli qırğının
əsas mahiyyətini, erməni fitnəkarlığını
və çar hökumətinin niyyətlərini açıq şəkildə
xalqa çatdırırdı. Təşkilat ermənilərə və onların
havadarlarına Azərbaycan xalqının son
damla qanına qədər mübarizə aparacağı xəbərdarlığını
edirdi.
Milli qırğın Azərbaycan xalqının yalnız
özünə güvənməli olduğunu ortaya qoydu.
Azərbaycan xalqının milli birliyi özünü nədə
göstərirdi? Bu birliyə ehtiyac çox idimi?
Qırğın göstərdi ki, çarizmin əsas məqsədi
“Parçala, hökmranlıq et” siyasəti yürüdərək
xalqları özünə qarşı çıxışlardan yayındırmaqdır.
Ona görə də millətin siyasi
cəhətdən təşkilatlanması XX əsrin əvvəllərində
ziyalıların qarşıya qoyduğu başlıca
məqsədə çevrilmişdi.