Bölgələrdə kütləvi qırğınların törədilməsi.
Tezliklə qırğın Azərbaycanın başqa bölgələrinə
də yayıldı. 1883-cü ildə ləğv edilmiş
Qafqaz canişinliyi 1905-ci ilin fevral ayında
yenidən bərpa edildi. May ayında erməni
dəstələri İrəvanda qırğın törətmək qərarına
gəldi. Bu şəhərin əhalisinin böyük əksəriyyəti
azərbaycanlılardan ibarət idi.
Ermənilər İrəvanda və onun ətraf bölgələrində
yaşayan azərbaycanlıları yurdlarından
məhrum etmək istəyirdilər. Azərbaycanlıların
rəşadətlə vuruşması və öz torpaqlarını
cəsarətlə müdafiə etməsi nəticəsində ermənilərin
planları puç oldu. Bir neçə aydan
sonra onlar Naxçıvanda və Zəngəzurda da
vəhşiliklər törətdilər. Bu hərəkətlər soyqırımı
xarakteri daşıyırdı. Naxçıvanın Cəhri
kəndində bir ailənin tamamilə məhv edilməsi,
kəndin yerlə-yeksan olunması başqa
cür adlandırıla bilməzdi.
Erməni quldur dəstələrinin əməllərini nə üçün
soyqırımı adlandırmaq lazımdır?
Kütləvi qırğınlar törədən erməni dəstələri
Cəbrayıl qəzasının kəndlərini talamağa başladı.
Lakin azərbaycanlılar erməniləri Veysəlli,
Qacar, Şeyxməli, Çəmənli, Xırmancıq
kəndlərində darmadağın edərək bu hücumların
qarşısını ala bildilər.
Şuşa faciəsi. Avqustda baş vermiş bu hadisə
zamanı rus qarnizonuna arxalanan
daşnak dəstələri Cənubi Azərbaycandan iş
dalınca gəlmiş 17 fəhləni xaincəsinə qətlə
yetirdi. Azğınlaşmış ermənilərin hücumlarına
qarşı azərbaycanlılar mərdliklə müqavimət
göstərdilər. Bu, Azərbaycan xalqının
ağır günlərdə bir olduğunun bariz nümunəsi
idi. Azərbaycanın hər yerindən, xüsusən
də Bakıdan döyüş yerlərinə ərzaq və
pul yardımları göndərilir, döyüşçü dəstələr
yığılırdı. Tanınmış sahibkarlar H.Z.Tağıyev,
M.Nağıyev və C.Məmmədquluzadənin həyat
yoldaşı Həmidə xanım Cavanşir də yardım
göstərənlər arasında idi. Heç nədən çəkinməyən
Həmidə xanım döyüşlərin
aparıldığı bölgələrə gedir, qırğına məruz
qalan insanlara tibbi, maddi və ərzaq yardımları
edirdi. Azərbaycan xalqının milli birliyi
ermənilərin əsil məğlubiyyəti demək idi.