Üsyan rəhbərləri qarşıya qoyduqları
məqsədləri planlı şəkildə həyata keçirmirdilər.
Həmçinin rusların hərbi üstünlüyü də
nəzərə alınmamışdı. Lakin üsyandan sonra
çar hökuməti 1913-cü ilə qədər bu islahatı
Zaqatala dairəsində keçirməkdən çəkindi.
Üsyanın hərəkətverici qüvvələri kimlər idi?
Üsyançıların başqa imkanları var idimi? Fikirlərinizi
əsaslandırın.
“Xalq intiqamçıları”. XIX əsrin 70-ci illərində
Azərbaycanda aparılan kəndli islahatı gözlənilən
nəticəni vermədi. Kənd əhalisi əvvəlki
kimi mülkədarlara və dövlətə vergi verməkdə
davam edirdi.
İslahatlar kənddə sosial təbəqələşməni də
gücləndirmişdi. Kənd əhalisi yoxsul, torpaqsız
və işsiz kütləyə; məhz bu kəndlilərin hesabına
varlanmış qolçomaq təbəqəsinə bölünürdü.
Təsadüfi deyil ki, bu dövrdən
etibarən kənd əhalisi arasında sosial narazılıqlar
artmağa başladı.
XIX əsrin sonlarında çarizmin milli müstəmləkəçilik
siyasətinə qarşı narazılıq ən yüksək
həddə çatdı. Kəndlilər vergi və mükəlləfiyyətləri
ödəmir, bəy və ağaların evlərinə hücum
edirdilər.
Azərbaycanın bu dövr tarixində qaçaq
hərəkatı mühüm yer tutur. Dağlara, gözdən
uzaq yerlərə çəkilərək hüquq-mühafizə
orqanlarından gizlənənlərə el arasında
“qaçaq” deyirdilər. Bir tərəfdən Rusiyanın
milli müstəmləkəçilik siyasəti, digər tərəfdən
yerli feodal zülmü qaçaqları “xalq intiqamçıları”
na çevirmişdi.
Qaçaqlar xalqın mənafeyini qorumaqla əsil
azadlıq mübarizəsi aparırdılar. Ona görə də
xalq insanların ümid yerinə çevrilmiş Qaçaq
Nəbi, Dəli Alı, Qaçaq Kərəm kimi qaçaqqəhrəmanlara
nəğmələr, dastanlar qoşur,
onları vəsf edirdi. Lakin qaçaq hərəkatı
kortəbii xarakter daşıyırdı, mütəşəkkil deyildi
və bütün kəndliləri əhatə edə bilmirdi. Buna
baxmayaraq, qaçaqçılıq hərəkatı Azərbaycan
xalqının müstəmləkəçiliyə, milli əsarətə,
istismara və çarizmə qarşı müqavimət imkanlarını
daha aydın nümayiş etdirirdi.