oldu. Artıq XX əsrdə üzümçülük sənaye
bağçılığının əsas sahələrindən birinə çevrildi.
Orta əsrlər dövründə Azərbaycanın bir çox
bölgələrində mövcud olan ipəkçilik bu dövrdə
“Qafqaz Lionu” adlandırılan Şəkidə geniş
yayılmışdı. Burada istehsal olunan xam ipək
yüksək keyfiyyəti ilə seçilirdi. Azərbaycan
ipəyi ipəktoxuma sənayesində istifadə edilmək
üçün Rusiyaya, həmçinin Lion, Marsel,
Milan şəhərlərinə ixrac edilirdi.
Texniki bitkiçiliyin daha bir sahəsi yeyinti
sənayesində və əczaçılıqda istifadə edilən
biyan kökü ilə bağlı idi. Kəndlilərin yığdığı
bu bitki xarici şirkətlər tərəfindən həvəslə
satın alınırdı.
Rusiya hakim dairələri və rus burjuaziyası
da texniki bitki növlərinin əkinçiliyinin genişlənməsində
maraqlı idi. Rusiya inkişaf
etməkdə olan sənayesinin xammal ehtiyacını
Azərbaycandan əldə etməyə çalışırdı.
Buna görə də o, Azərbaycanda xammalı
əmtəəyə çevirə biləcək yerli sənayenin yaranmasına
imkan vermirdi.
Kənddə ictimai təbəqələşmənin güclənməsi.
XX əsrin əvvəllərində yeni aqrar qanunlar.
XIX əsrin 80–90-cı illərində sahibkar
kəndliləri arasında təbəqələşmə güclənmişdi.
Kəndli islahatından sonra aztorpaqlı
kəndlilərin vəziyyəti ağırlaşmışdı. Torpaqlarını
satın ala bilməyən bu təbəqə hələ də
malcəhət və bəhrə vergilərini ödəməyə
məcbur idi. “Müvəqqəti mükəlləfiyyətli” sayılan
kəndlilərin bir hissəsi səpin-biçin işlərini
qurtaran kimi öz kəndində, yaxud
qonşu bölgələrdə muzdurluq edirdi. Digərləri
isə şəhərlərdə yaranan fabrik və zavodlara
kəsbkarlığa, mövsümi işləməyə gedirdilər.
İslahatdan sonra torpaqlarını ala
bilənlər varlanıb qolçomaqlara – kənd burjuaziyasına
çevrilmişdilər. Onlar sayca az olsalar
da, böyük torpaq sahələrinə malik
idilər. Qolçomaqlar öz torpaqlarında aztorpaqlı
kəndlilərin əməyindən istifadə edir,
yəni muzdur saxlayır, görülən işə görə
əməkhaqqı ödəyirdilər.
Niyə qolçomaqları kənd burjuaziyası adlandırırdılar?