Nahiyələrin sayı və sahələri Qafqaz çar hakimiyyət
orqanları tərəfindən təsdiq olunurdu. Bu zaman əhalinin milli tərkibinə və
iqtisadi özünəməxsusluğuna məhəl qoyulmurdu.
Cənubi Qafqazın ali idarəçiliyi buradakı
qoşunların komandanının – Baş hakimin
əlində cəmlənmişdi.
Baş hakim general-qubernatora nisbətən
daha geniş səlahiyyətlərə malik idi. Həm
qubernator, həm də vilayət rəisi vəzifələrinə
çarın fərmanı ilə yalnız ruslar təyin
edilirdi.
1840-cı il 10 aprel qanunu Cənubi Qafqazın
məhkəmə sistemində mühüm dəyişikliklər
etdi. Qəza məhkəməsi hakimlərdən və
vergi verən təbəqələrdən seçilən iclasçılardan
ibarət idi. Mülki işlərə hərbi məhkəmələrdə
baxılması qaydası ləğv edildi.
Ümumimperiya qanunlarına əsaslanan quberniya,
vilayət və qəza məhkəmələri yaradıldı.
Bütün kargüzarlıq işləri yalnız rus dilində
aparılırdı.
1840-cı il qanunu ilə şəriət məhkəmələrinin
əlində yenə də yalnız nikah və vərəsəlik işlərini
həll etmək hüququ saxlanılmışdı. Buna
baxmayaraq, Şimali Azərbaycanın yerli sakinləri
bütün mülki-hüquqi mübahisələrə
görə şəriət məhkəmələrinə üz tutmaqda
davam edirdilər.
Çar hökumətinin inzibati islahatlar aparmaqda
məqsədi nə idi?
Yeni inzibati-ərazi bölgüsü. Çar hökuməti
dağlılarla müharibəni tezliklə başa çatdırmaq
və Qafqazda öz mövqeyini möhkəmləndirmək
üçün 1844-cü ildə Cənubi
Qafqaz diyarının Baş idarəsi əvəzinə,
Qafqaz Canişinliyini təsis etdi. Canişin mütləqiyyətin
“ali hüquqları”nın başlıca keşikçisi
idi və ona müstəsna dərəcədə geniş səlahiyyətlər
verilmişdi.
Qraf Mixail Vorontsov Qafqaz canişini təyin
olundu.
Diyarın inzibati-ərazi qurumunda aparılan
dəyişikliklər də Cənubi Qafqazda çar hakimiyyətinin
güclənməsinə xidmət edirdi.