“Hadrutun azad edilməsindən sonra biz Şuşaya
istiqamət götürdük. Şuşa əməliyyatının
uğurlu keçirilməsi üçün məhz Hadrutu azad
etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi
istiqamətdən Şuşaya yaxınlaşdıq.
Dağlardan, dərələrdən, sıldırım qayalardan
keçərək, o qayalara dırmaşaraq biz Şuşanı işğaldan
azad etdik. Ona görə Hadrut əməliyyatı
dünyanın hərb elmində xüsusi yer tutacaq”.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin çıxışından
Oktyabrın 18-də Xudafərin körpüsü üzərində
də Azərbaycan bayrağı dalğalanmağa başladı.
İgid hərbçilərimiz böyük şücaət göstərərək
oktyabrın 17-də Cəbrayıl, Hadrut və Xocavənd
istiqamətlərindən mühasirəyə aldığı
Füzuli şəhərini də düşməndən təmizlədilər.
Artıq Zəngilana və Qubadlıya yol açıldı.
Uğurla başa çatan Cəbrayıl-Füzuli istiqamətindəki
əməliyyatlar ilə ordumuz düşmən
üzərində mühüm qələbə qazandı. Nə müharibə
ərəfəsində Ermənistan hərbi rəhbərliyinin
“keçilməz” deyə öyündüyü bir neçə
xətdən ibarət müdafiə eşelonları, nə də 30 il
ərzində qurduqları yeraltı-yerüstü istehkamları
qəhrəman Azərbaycan oğullarının hücumuna
əngəl ola bildi.
Düşmənin uydurduğu və uzun illər ərzində
təbliğ etdiyi “məğlub edilməz erməni ordusu”,
“keçilməz Ohanyan səddi” haqqındakı
mif cəmi bir neçə gün içərisində rəşadətli
Azərbaycan ordusu tərəfindən yox edildi.
Ordumuzun Cəbrayıl-Füzuli istiqamətində apardığı
döyüş əməliyyatını hərb tarixində baş verən hansı
döyüşlərlə müqayisə etmək mümkündür?