“Qarabağ mücrüsü”. Düşmən atəşkəs
dövründə işğal etdiyi Qarabağda və ətraf
rayonlarda güclü müdafiə səddi yaratmışdı:
postlar istiliyə həssas müşahidə qurğuları
və digər texniki vasitələrlə möhkəmləndirilmiş,
qalın beton laylardan istifadə olunmaqla
yeraltı və yerüstü bunkerlər tikilmiş,
mövqelərarası əlaqələndirici tunellər, bəzi
istiqamətlərdə isə 4 eşelonlu müdafiə xətləri
qurulmuşdu. Üstəlik ərazi və relyef şərtləri
də düşmənə əlavə üstünlük verirdi. Onlar
dağlıq ərazilərdə mövqelər quraraq
yüksəkliklərdən ordumuzun hərəkətini rahatlıqla
izləyə və hədəfə ala bilirdilər.
Azərbaycan ordusu isə işğal edilən əraziləri
azad etmək, döyüş tapşırıqlarını icra etmək
üçün düzən ərazilərdən yüksəkliklərə
doğru hücuma keçmək kimi çətin bir vəzifəni
icra etməli idi. Bu isə canlı qüvvə itkisinin
çox olacağını qaçılmaz edirdi. Məhz
bu amili nəzərə alan ordu komandanlığı
düşmən üçün maraqlı bir “sürpriz” hazırlamışdı.
Bu, “Qarabağ mücrüsü” adlandırılan
əməliyyat planı idi.
Müharibənin ilk günlərində Hərbi Hava
Qüv vələrimiz dünya hərb tarixində o vaxtadək
görünməmiş yeni taktika tətbiq etdi:
düşmənin Qarabağ ərazisində yerləşdirdiyi
Hava Hücumundan Müdafiə sistemlərinin
aşkara çıxarılıb məhv edilməsi üçün əvvəlcə
köhnə və ucuz, pilotsuz uçuş təyyarələrinə
çevrilmiş AN (Antonov-2: yüngül, çoxtəyinatlı
təyyarə növü) təyyarələri havaya buraxılırdı.
Hərbi məqsədlərə uyğunlaşdırılmış
bu təyyarələrdən yalançı hədəf kimi istifadə edilirdi.
İçərisində hərbi sursat olan AN
təyyarələri vurulmazdısa, özü də hədəfə çırpıla
bilirdi. Bunu həqiqi döyüş təyyarələri
hesab edən düşmən isə “hədəfi” atəşə tuturdu.
Beləliklə, düşmənin hava hücumundan
müdafiə sistemləri aşkara çıxarılırdı.
Aşkar edilən atəş nöqtələri isə Türkiyədən
alınmış “Bayraktar TB-2”, İsrail istehsalı olan
“Harop” və Azərbaycanın yerli istehsalı olan
“Zərbə” adlı PUA-larla (Pilotsuz Uçuş Aparatı)
məhv edilirdi.