Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı
bu hücumun qarşısının alınması, mülki
əhalinin təhlükəsizliyinin təmin olunması
üçün Ağdərə–Tərtər–Ağdam və Xocavənd–
Füzuli istiqamətində təxir əsalınmaz cavab
tədbirlərinin keçirilməsi barədə qərar qəbul
etdi. Döyüş nəticəsində Goranboy rayonuna
və Naftalan şəhərinə təhlükə yarada biləcək
Talış kəndi ətrafındakı yüksəkliklər azad
olundu. Füzuli rayonu istiqamətində yerləşən,
geniş ərazini nəzarətdə saxlamaq imkanı
verən strateji əhəmiyyətli Lələtəpə
yüksəkliyi də Azərbaycan ordusunun nəzarəti
altına keçdi. Beləliklə, Cəbrayıl rayonunun
Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi
təmin olundu. Beynəlxalq qurumların
müraciətləri və öz sülhsevər siyasətinin nəticəsi
olaraq Azərbaycan dövləti hərbi əməliyyatları
birtərəfli qaydada dayandırdı.
Ermənilər növbəti dəfə xəyanətkarlıq
edərək əks-hücuma keçmək istədilər. Azərbaycan
Silahlı Qüvvələri uğurlu əməliyyatlar
apararaq erməni birləşmələrinin uzun illər
ərzində mühəndis-istehkam baxımından
möhkəmləndirdiyi müdafiə xəttini yardı,
strateji əhəmiyyətli bir sıra mövqeləri düşməndən
azad etdi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün
qorunub saxlanması, erməni işğalçılarının
silahlı təxribatlarının qarşısının alınması
və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri igidliyə
görə Azərbaycan hərbçilərinin böyük
bir qrupu Azərbaycan Respublikasının
Prezidenti tərəfindən orden və medallarla
təltif olundu. Şükür Həmidov, ölümlərindən
sonra isə Murad Mirzəyev, Samid İmanov
İlham Əliyevin fərmanı ilə Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görüldülər.