Heydər Əliyevin rəhbərliyi altında işlənib-hazırlanmış
yeni neft strategiyası Azərbaycanın
neft sənayesində köklü islahatların
aparılmasına, güclü infrastruktur yaradılmasına,
neft sənayesinə müasir texnologiyaların,
idarəetmə təcrübəsinin cəlb edilməsinə
gətirib çıxardı.
1994–2001-ci illərdə Azərbaycan Respublikasının
Dövlət Neft Şirkəti 14 ölkənin neft
şirkətləri ilə çoxsaylı müqavilələr imzaladı.
Həmin müqavilələrə görə Azərbaycana 60
milyard dollar həcmində investisiya cəlb
olunması nəzərdə tutulurdu.
Azərbaycanın imzaladığı neft müqavilələri ilə
bağlı məlumat toplayıb təqdimat hazırlayın.
1997-ci ildə “Əsrin müqaviləsi” üzrə neftin
hasilatına başlanıldı. Azərbaycanda çıxarılan
neftin daşınma marşrutları mühüm əhəmiyyət
kəsb edirdi. 1997-ci ildə Rusiyadan
keçən “Şimal” (Bakı-Novorossiysk) neft
kəməri istifadəyə verildi.
Ölkə iqtisadiyyatına qoyulan xarici investisiyanın
miqdarı durmadan artırdı. Nəticədə
ölkə iqtisadiyyatı böhrandan çıxıb sabit inkişaf
yoluna qədəm qoydu. Aparılmış islahatlar
bazar iqtisadiyyatının və dünya iqtisadiyyatına
inteqrasiyanın əsaslarını yaratdı.
Neft strategiyasının vəzifələri həyata keçirilməyə
başlandı.
İslahatların ikinci mərhələsi. Azərbaycan
iqtisadiyyatının inkişafının II mərhələsi
1998–2002-ci illəri əhatə edirdi. Bu mərhələ
qısa və orta müddətli proqramlarla bazar
iqtisadiyyatının əsaslarının möhkəmləndirilməsi,
onun bütün sahələrində davamlı inkişafa
nail olunması və dünya iqtisadiyyatına
inteqrasiyanın genişləndirilməsi ilə
səciyyələndirilə bilər.
1999-cu ildə Gürcüstan istiqamətində Bakı–
Supsa “Qərb” neft kəməri istifadəyə verildi.
1999-cu il noyabrın 18-də İstanbulda xam
neftin Bakı–Tbilisi–Ceyhan əsas boru ixrac
neft kəməri vasitəsilə nəql edilməsi ilə bağlı
saziş imzalandı. Azərbaycan, Gürcüstan və
Türkiyə ərazilərindən keçməli olan bu kəmərlə
əlaqədar bütün mübahisələrin uğurla
həll edilməsi, ilk növbədə, Ulu öndər Heydər
Əliyevin müdrik siyasətinin nəticəsi idi.