Demokratik dövlət quruculuğu prosesinin
davamı. Müstəqil Azərbaycanın Konstitusiyasının
qəbul edildiyi vaxtdan Ümummilli
liderin 12 dekabr 2003-cü ildə vəfatına qədər
olan dövr demokratik dövlət quruculuğu
prosesinin üçüncü dövrü hesab edilə
bilər. Bu dövrdə də Heydər Əliyev
hüquqi-demokratik dövlət quruculuğu
sahəsində mühüm tədbirlər həyata keçirmişdir.
11 oktyabr 1998-ci ildəki seçkilərdə
Heydər Əliyev seçicilərin əksəriyyətinin səsini
toplayaraq yenidən Azərbaycan Respublikasının
Prezidenti oldu. Bu onun fəaliyyətinin
xalq tərəfindən yüksək
qiymətləndirilməsinin təzahürü idi.
24 avqust 2002-ci ildə keçirilmiş referendumun
nəticələrinə görə Azərbaycan Respublikasının
Konstitusiyasında əlavələr və dəyişikliklər
aparıldı. Bununla da ölkədə hüquqi
və demokratik dövlət quruculuğunun
konstitusiya əsasları möhkəmləndirildi.
Sizcə, Konstitusiyadakı əlavə və dəyişikliklərə ehtiyac
nəyə görə yaranmışdı?
1996-cı ildə qanunların beynəlxalq normalara
uyğun hazırlanması məqsədilə Respublika
Prezidentinin yanında Hüquqi İslahatlar
Komissiyası yaradıldı. Milli Məclis tərəfindən
ölkədə siyasi- iqtisadi, mədəni prosesləri nizama
salan yüzlərlə qanun qəbul edildi.
Prezident 1998-ci ildə insan, vətəndaş hüquq
və azadlıqlarının, söz, fikir, mətbuat azadlığının
təmin edilməsi, senzuranın ləğv olunması
haqqında fərmanlar verdi.
Senzuranın ləğvi nəyə görə demokratik əhəmiyyət
daşıyır?
Ölkədə məhkəmə islahatı keçirildi. Ölüm
cəzası Şərqdə ilk dəfə olaraq Azərbaycanda
1998-ci ildə ləğv edildi. Ölkədə aparılan siyasi,
hüquqi islahatlar demokratik inkişaf
proseslərini də sürətləndirdi.
12 dekabr 1999-cu ildə Azərbaycan Respublikasında
ilk bələdiyyə seçkiləri keçirildi.
1998-ci ildə ölkədə Konstitusiya Məhkəməsi
yaradıldı. 2000-ci ildən etibarən hakimlərin
xüsusi imtahan verməsi təcrübəsi həyata
keçirilməyə başlandı. Dövlət idarəetmə sistemində
islahatlar reallaşdırıldı.