Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurası 30 aprel 1993-cü ildə qəbul etməyə
məcbur olduğu 822 saylı qətnamə
ilə Kəlbəcər rayonunun işğalından narahatlığını
ifadə etdi.
Respublikadakı siyasi böhran, Surət Hüseynovun
hərbi qiyamı və ən əsası, ermənilərin
cəzasız qalması düşmənə iyun ayının əvvəllərində
güclü hücuma keçməyə imkan
verdi. İyul ayında Ağdam, avqustda Cəbrayıl,
Füzuli, Qubadlı, oktyabrın sonlarında isə
Zəngilan rayonları işğala məruz qaldı.
BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan
torpaqlarının işğalı ilə bağlı olan 853, 874,
884 saylı qətnamələr qəbul etdi.
Həmin sənədlərdə ermənilərin işğal olunmuş
ərazilərdən dərhal, tamamilə və
qeyd-şərtsiz çıxarılması tələb edilsə də, Ermənistan
müxtəlif bəhanələrlə bu tələbləri
yerinə yetirməkdən boyun qaçırdı.
BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın hansı
rayonlarının işğalı ilə bağlı qətnamələr qəbul etmişdir?
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı müvafiq qətnamələrinin yerinə
yetirilməməsi, sizcə, nə ilə bağlıdır?
Müharibənin gedişində dönüş. Ümummilli
lider Heydər Əliyevin 1993-cü ilin iyun
ayında respublikanın rəhbərliyinə qayıdışı
ordu quruculuğunda da ciddi nəticələrə
gətirib çıxardı. Nizamsız hərbi hissələr ləğv
edildi, güclü nizami ordu yaradılması prosesi
başladı. 1993-cü il noyabrın 2-də Heydər
Əliyev televiziya və radio ilə müraciət
edərək xalqı düşmənə qarşı birləşməyə və
mübarizəyə qalxmağa səslədi. Xalq öz rəhbərinin
çağırışına səs verdi. Tez bir zamanda
könüllülərdən ibarət taborlar yaradıldı
və cəbhəyə göndərildi. Əfqanıstanda
xidmətdə olmuş keçmiş döyüşçülər Prezidentə
müraciət etdikdən sonra onlardan
ibarət hərbi hissə yaradıldı.
1993-cü ilin noyabrında Ali Sovet Müdafiə
haqqında qanun qəbul etdi. Prezident
şəxsən cəbhə bölgələrində olub konkret
tədbirlər müəyyənləşdirdi.