Həmin dövrdə Heydər Əliyev sovet imperiyasını
qorumağa çalışan qüvvələrə, xüsusən
SSRİ və respublika rəhbərliyinə öz etirazını
bildirməkdən çəkinmir, çıxışlarında Azərbaycanın
müstəqil dövlət ola biləcəyini
əsaslandırırdı. Xalqın azadlıq mübarizəsinə
rəhbərliyi Heydər Əliyev, parlamentdə
müxalifətə rəhbərliyi isə “demokratik
blok”un üzvləri həyata keçirirdi.
Dağılmaqda olan SSRİ-nin mühafizəkar
liderləri 1991-ci ilin avqustunda ölkə başçısı
Qorbaçovu hakimiyyətdən kənarlaşdıraraq
Dövlət Fövqəladə Vəziyyət Komitəsi yaratdılar.
Lakin Rusiyada demokratik qüvvələr
dövlət çevrilişinin qarşısını aldılar. Azərbaycanın
da hər yerində mühafizəkarlara qarşı
mitinqlər başladı.
Avqustun 22-də fövqəladə vəziyyətin hökm
sürməsinə (bu zaman bir çox demokratik
hüquqlar məhdudlaşdırılır, eyni zamanda
kütləvi aksiyalar keçirilməsinə icazə verilmirdi)
baxmayaraq, Bakının Nizami meydanında
mitinq keçirildi və zorla dağıdıldı.
Növbəti gün AXC binasının qarşısındakı
mitinqə də amansızlıqla son qoyuldu. Lakin
xalqın qəzəbi gündən-günə artmaqda idi.
Bakının Azadlıq meydanında bir milyona
yaxın adamın iştirakı ilə mitinqlər keçirildi.
Respublikanın başqa yerlərində, o cümlədən
Naxçıvanda da izdihamlı çıxışlar oldu. Bu
kütləvi aksiyalarda respublikadakı fövqəladə
vəziyyətin ləğv edilməsi, DQMV-də Azərbaycanın
suveren hüquqlarının təmin olunması
kimi cəsarətli tələblər irəli sürüldü.
Nəhayət, xalqın tələbi ilə Azərbaycan Respublikası
Ali Sovetinin növbədənkənar
sessiyası çağırıldı. 1991-ci il avqustun 30-u
keçirilən bu sessiyada Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpa
edilməsi haqqında Bəyannamə qəbul
edildi.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpa edilməsi haqqında sənədin qəbul olunmasının
tarixi əhəmiyyəti nədə idi?
Sizcə, Azərbaycanı 1991-ci ilin avqustundan etibarən
müstəqil dövlət hesab etmək olarmı?