Osmanlı–Rusiya müharibəsi. Rus qoşunlarının
1806-cı ildə qazandığı uğurlar Osmanlı
sarayında da böyük narahatlığa səbəb
olmuşdu. Cənubi Qafqazda rus təsirinin
artması ilə barışmayan Osmanlı dövləti
həmin ilin sonunda Rusiyaya qarşı yeni
müharibəyə başladı. Lakin 1807-ci ildə
Gümrü yaxınlığındakı məğlubiyyət Osmanlı
dövlətinin Rusiyanı Cənubi Qafqazdan,
o cümlədən Azərbaycanın şimal torpaqlarından
çıxarmaq planlarına ağır zərbə
vurdu. İki dövlət arasında danışıqlar 1812-ci
ildə Buxarest sülhünün imzalanması ilə
nəticələndi. Bu müqavilə ilə Osmanlı
dövləti Cənubi Qafqazdakı rus işğallarını
tanımağa məcbur oldu.
Buxarest sülhünü Qafqaz uğrunda mübarizə
aparan Osmanlı və Rusiya dövlətləri arasında
imzalanmış digər müqavilələrlə müqayisə edərək
oxşar və fərqli cəhətləri müəyyənləşdirin.
Osmanlı–Rusiya müharibəsi
Gülüstan sülhü. Qacarlarla müharibə hələ
də davam edirdi. 1808-ci ilin payızında rus
qoşunları Üçkilsəni və Naxçıvanı ələ keçirərək
İrəvanı ikinci dəfə mühasirəyə aldı.
Bir neçə ay davam edən mühasirə nəticəsiz
qaldı, rus qoşunlarının İrəvana ardıcıl
hücumları qala müdafiəçiləri tərəfindən
dəf edildi. İrəvan qalasının qəhrəman
müdafiəsi rus qoşunlarının planlarını
pozdu. Qazanılmış vaxt Abbas Mirzəyə
İrəvan istiqamətinə yeni qüvvələr cəlb
etməyə imkan yaratdı. 1809-cu ilin mayında
Azərbaycan valisinin qoşunları rusları
Naxçıvandan çıxardı. Geri çəkilən rus qoşunlarının
əsas qüvvələri isə Qarababa
kəndi yaxınlığında baş verən döyüşdə
darmadağın edildi. Bu hadisə çar Rusiyasında
böyük məyusluğa səbəb oldu.
Əsas diqqətini Napoleon Fransasına və
Avropadakı proseslərə yönəltmiş I Aleksandr
Qacarlarla sülh danışıqlarına başlamağı
vacib hesab edirdi. Bu məqsədlə rus
çarı İrəvan uğrunda döyüşlərdə məğlub
olmuş general İ.Qudoviçi A.Tormasovla
əvəzləmiş və ona sülh proseslərini sürətləndirmək
göstərişini vermişdi. 1809–1810-cu
illərdə Qarabağ və Gəncə istiqamətində
gedən hərbi əməliyyatlardakı uğursuzluqlar
Abbas Mirzəni də sülh danışıqlarını
bərpa etmək məcburiyyətində qoydu.
Lakin sülh danışıqlarına başlanılsa da,
proses Lənkəran xanlığı məsələsində
düyünə düşdü. Rusiya işğal etdiyi ərazilərlə
kifayətlənməyərək Xəzər sahilində xüsusi
mövqeyə malik olan Lənkəran xanlığının
torpaqlarına da iddia edirdi. Lənkəran xanı
Mir Mustafa xanın da Rusiyaya meyil
göstərdiyini əsas gətirən çar hökuməti bu
məsələdə güzəştə getmək fikrində deyildi.
Qacarlar dövləti isə Lənkəranın müstəqil
xanlıq kimi qalmasında maraqlı idi. Rusiyanın
Xəzər sahillərində möhkəmlənməsini
özünün Yaxın və Orta Şərqdəki maraqlarına
böyük təhlükə hesab edən İngiltərənin
müdaxiləsi ilə danışıqlar uğursuzluqla
nəticələndi. Hərbi əməliyyatlar yenidən
bərpa edildi.
Sizcə, İngiltərənin sülh danışıqlarında
maraqlı tərəf kimi çıxış etməsinə hansı amillər
təsir göstərmişdi?