Görkəmli aktyorlar Leyla Bədirbəyli, Möhsün
Sənani, Lütfəli Abdullayev, Nəsibə Zeynalova,
Məlik Dadaşov, Məmmədrza Şeyxzamanov
və onlarla başqaları Azərbaycan
səhnəsində yüzlərlə orijinal və parlaq obrazlar
yaratmışdılar. Azərbaycan səhnəsinə
Həsən Turabov, Amaliya Pənahova, Səməndər
Rzayev, Səyavuş Aslan, Yaşar Nuri, Hacıbaba
Bağırov və başqalarının təmsil etdiyi
yeni, istedadlı bir nəsil gəlmişdi.
Müharibədən sonrakı illərdə Azərbaycan kinosunun
inkişafında, kollektivinin böyüməsində
nəzərəçarpacaq irəliləmələr baş verdi.
Azərbaycan kinematoqrafçılarının 1945-ci
ildə istehsal etdiyi “Arşın mal alan” filmi
nəinki SSRİ-də, hətta bütün dünyada çox
böyük müvəffəqiyyətlə nümayiş etdirildi.
Bu filmin yaradıcıları və ifaçıları Dövlət mükafatına
layiq görüldülər. 1954–1958-ci illərdə
respublikanın kino sənəti tamaşaçılar
tərəfindən hərarətlə qarşılanan yeni ən
yaxşı filmlərin – “Qızmar günəş altında”,
“Uzaq sahillərdə”, “O olmasın, bu olsun”,
“Ögey ana” və b. yaradılması ilə əlamətdar
olmuşdu. 1970–80-ci illərdə Azərbaycan kinosu
yeni inkişaf mərhələsinə qədəm
qoydu. “Azərbaycanfilm”in istehsal etdiyi kinofilmlərdə
xalqın tarixi keçmişi, yüksək
mənəvi dəyərləri, habelə çağdaş ictimai
reallıqlar öz əksini tapdı. “Yeddi oğul
istərəm”, “Nəsimi”, “Babək”, “İstintaq”,
“Axırıncı aşırım”, “Dədə Qorqud” kimi filmləri
buna misal göstərmək olar.