1950-ci illərdə respublikanın mədəni həyatında
mühüm hadisələrdən biri də böyük
Azərbaycan şairi Məhəmməd Füzulinin vəfatının
400 illiyinin (1958) qeyd edilməsi
oldu. Şairin Bakıda keçirilən yubiley tədbirlərində
bütün respublikaların nümayəndələri,
həmçinin İran, Türkiyə, Əfqanıstan,
İraq və başqa ölkələrdən gəlmiş xarici qonaqlar
iştirak etdilər.
Stalinin vəfatından sonra cəmiyyətdə baş
vermiş ictimai prosesləri dərindən öyrənib
yüksək qiymətləndirən bir çox yazıçılar
yeni, aktual əsərlərlə çıxış etdilər. İsmayıl
Şıxlı, İsa Hüseynov (Muğanna), Həsən Seyidbəyli
və Ənvər Məmmədxanlının əsərlərində
yaddaqalan bədii obrazlar yaradıldı.
Bu əsərlərin əksəriyyətində nöqsanlara, cəmiyyətin
inkişafına mane olan əngəllərə,
əyintilərə qarşı kəskin tənqidi münasibət
var idi.
Yaradıcı ziyalılar 1960-cı illərdə getdikcə
açıq-aşkar dərinləşən ictimai-sosial ədalətsizliyin
tənqidi üçün rəmzlərdən, eyhamlardan,
başqa xalqların və tarixi dövrlərin
mövzularından geniş istifadə edirdilər. Rəsul
Rzanın “Rənglər” silsiləsi bu baxımdan
çox səciyyəvi idi. Xəlil Rza təqiblərə məruz
qalsa da, sözünü cəsarətlə və açıq şəkildə
deyirdi.
1970–80-ci illərdə Azərbaycan ədəbiyyatının
inkişafında da mühüm nailiyyətlər qazanıldı.
Xəlil Rza, Məmməd Araz, Fikrət Qoca
və b.-nın yaratdığı əsərlər ədəbiyyatı daha
da zənginləşdirdi.
İncəsənət. Q.Qarayevin yaratdığı “İldırımlı
yollarla”, Fikrət Əmirovun “Min bir gecə”
əsəri balet musiqisinin yeni nailiyyəti oldu.
Şəfiqə Axundovanın “Gəlin qayası” operası
tamaşaçılar tərəfindən maraqla qarşılandı.
Xalq musiqiçiləri Qurban Pirimov, Seyid Şuşinski,
Xan Şuşinski, Sara Qədimova, Şövkət
Ələkbərova və başqalarının ifaçılıq sənəti
yüksək səviyyədə idi.
Mahnı janrı sürətlə inkişaf edirdi. Bu janrı
Tofiq Quliyev, Emin Sabit oğlu, Elza İbrahimova,
Cavanşir Quliyev və başqaları təmsil
edirdilər.
Rəşid Behbudov, Lütfiyar İmanov, Rübabə
Muradova, Vaqif Mustafazadə, Habil Əliyev,
Ramiz Quliyevin ifaçılıq sənəti özünəməxsus
zəngin koloriti və təkrarsızlığı ilə seçilirdi.