Cənubi Azərbaycanda inqilabi hərəkat
Nümayişçilər islam və demokratiya istəyini
özündə əks etdirən şüarlar irəli sürürdülər.
Dinc etiraz aksiyası sonra mövcud quruluşa
qarşı üsyana çevrildi. Bunu “29 bəhmən
üsyanı” da adlandırırlar. Şah Təbrizə başqa
şəhərlərdən əlavə nizami hərbi dəstələr
göndərdi. Qüvvələr bərabər olmadığından
üsyan qəddarlıqla yatırıldı.
Antişah və antiimperialist hərəkat olan
1978–1979-cu illər İran inqilabının sosial-siyasi
mahiyyətini, əslində, elə 18 fevral Təbriz
üsyanı müəyyən etmişdi. Təbriz üsyanı
Pəhləvi monarxiyasına zərbə vuran ilk xalq
çıxışı idi. Bu üsyandan sonra etiraz dalğası
Tehran, İsfahan, Məşhəd, Zəncan və başqa
şəhərlərə də yayıldı. İnqilabın rəhbərləri
arasında xeyli azərbaycanlı var idi. Bunlardan
Ayətullah Kazım Şəriətmədarini, Müvəqqəti
hökumətin başçısı Mehdi Bazərqanı
və başqalarını misal çəkmək olar.
İnqilabın qarşısını almaq üçün şah bir neçə
kabinet dəyişikliyi etdi. Lakin bunun elə bir
faydası olmadı.
Həmin ilin sentyabrında inqilabın ikinci
mərhələsi başlandı. İlk çıxışlar ayın 7-də
ölkənin 12 şəhərində, o cümlədən Təbrizdə
kütləvi xarakter aldı. Sentyabrın 8-də –
cümə günü hakimiyyətin nümayiş iştirakçılarını
gülləbaran etməsi də üsyançıları öz
yolundan döndərə bilmədi. “Qanlı cümə
günü” adını almış həmin gün əhalinin şaha
qarşı qəzəb və nifrətini daha da artırdı.