“Ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat verənlər də məsuliyyət daşımalıdır. Zənnimcə,
ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv
informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə qərar qəbul etmişdir.
Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır.
Bütün vəziyyətlərdə hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə
girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir. Nəhayət,
19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə
yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur. Belə
qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır.
Onlar, sadəcə olaraq, respublikadakı əsil vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan
xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər. Onlar,
görünür, bu işlərin belə ağır faciəyə çevriləcəyini əvvəlcədən düşünməmişlər. Bütün bunlar
qabaqcadan nəzərə alınmalı və vaxtında vacib, zəruri tədbirlər qəbul edilməli idi”.
20 Yanvar faciəsi haqqında Heydər Əliyevin Moskvadakı çıxışından