General Sisianov oxşar şərtlərlə Şamaxı
xanı Mustafa xana da Rusiya imperiyasının
himayəsinə keçməyi təklif etdi. Lakin
Qarabağ və Şəki xanlarından fərqli olaraq,
hərbi əməliyyatlarda Qacar qoşunlarının
üstünlük qazanacağına ümid edən Mustafa
xan müxtəlif bəhanələrlə danışıqları uzadır,
Sisianova öz şərtlərini göndərirdi. Onu
diplomatik yolla tabe edə bilməyəcəyini
anlayan Sisianov xanlıq üzərinə hərbi
yürüşə başladı. Şamaxı xanlığına tabe olan
Cavad ərazisini Qarabağ xanlığına birləşdirməyə
çalışan İbrahimxəlil xanın və Şamaxı
xanı ilə ədavəti olan Şəki xanının hərbi
qüvvələri də rus qoşunlarının tərkibində idi
və yürüşdə iştirak edirdi.
Mustafa xan Fit dağında müdafiə mövqelərini
möhkəmləndirdi. 1805-ci ilin dekabrında
birləşmiş qüvvələr bu mövqelərə yaxınlaşdı.
Üstün qüvvələr qarşısında duruş
gətirə bilməyəcəyini anlayan Mustafa xan
Fit dağı yaxınlığına çatmış Sisianovun
düşərgəsinə gələrək müqavilə imzalamağa
məcbur oldu.
Kürəkçay müqaviləsinin şərtlərinə oxşar
şərtlərlə bağlanmış müqaviləyə görə
Şamaxı xanlığı da Rusiya himayəsinə
keçirdi. Lakin hadisələrin sonrakı inkişafı
sübut etdi ki, Georgiyevsk sazişi kimi, bu
müqavilələr də Rusiya imperiyasının Azərbaycan
torpaqlarının işğalı istiqamətində
atdığı taktiki addımlardan biri idi.
Şamaxı üzərinə hərbi yürüş edən rus qoşunlarının
tərkibində bəzi Azərbaycan xanlarının iştirakını
necə qiymətləndirə bilərsiniz?
1806-cı ilin iyununda Abbas Mirzənin
göndərdiyi şah qoşunları Qarabağa daxil
oldu. Bu zaman ailəsi ilə birlikdə Xankəndidə
olan İbrahimxəlil xan mayor D.Lisaneviçin
əmri ilə heç bir əsas olmadan rus
qoşunlarının hücumuna məruz qaldı. Xan
və onun yaxınları öldürüldü. Bu hadisədən
hiddətlənən Şəki xanı Səlim xan rus qoşunlarını
Şəkidən qovdu. Bu, Kürəkçay
müqaviləsinin Şəki xanı tərəfindən nümayişkaranə
şəkildə pozulması demək idi.
1806-cı il oktyabrın sonlarında rus qoşunları
Şəkini mühasirəyə aldı. Şəhər əhalisinin