“Sumqayıt fitnəkarlığından sonra Ermənistanda
hökumətin və “Qarabağ hərəkatı” liderlərinin
mütəşəkkil şəkildə təşkil etdiyi qanlı
antitürk hərəkatı daha da genişləndi. Bu işdə
yaxşı silahlandırılmış erməni qeyri- formal
hərbi birləşmələri fəal iştirak etdi. 1988-ci il
martın 2-də Ermənistanda yaşayan azərbaycanlıların
yeni, böyük bir dəstəsi təqibdən
yaxa qurtarıb Zəngilan rayonuna gəldi. Martın
10-da Yerevandan cənubda Mehmandar kəndinin
dörd sakini qətlə yetirildi. Martın 25-də
Ararat rayonunun Vedi, Şirazlı, Xalisə və Şidli
kimi azərbaycanlı kəndlərində 100-dən çox ev
talan edilib yandırıldı, əhalisi qovuldu. Mayın
ortalarında Yerevan yaxınlığındakı azərbaycanlı
kəndlərinə yenidən basqın edildi.
Şirazlı kəndinin 880 nəfər sakini SSRİ–Türkiyə
sərhədinə qaçıb orada sığınacaq tapdı. Ararat
rayonunda daha beş azərbaycanlı kəndinin on
minə qədər sakini silahlı erməni quldurlarından
yaxa qurtarıb qaçqınlara qoşuldu. Erməni
faşistləri Quqark rayonunda daha dəhşətli
faciələr törətdilər. 1988-ci il noyabrın sonu –
dekabrın əvvəllərində bu rayonda 70 nəfər
azərbaycanlı qətlə yetirildi. Rayonun təkcə
Gözəldərə kəndində 21 nəfər, o cümlədən altı
qadın və üç körpə öldürülmüşdü. Vartanada 17
azərbaycanlı qətlə yetirilmişdi”.
“Azərbaycan tarixi” kitabından
1988-ci ilin yanvar ayında Ermənistanda və
Xankəndidə ermənilərin azərbaycanlılara
qarşı etiraz mitinqləri keçirildi, burada yaşayan
soydaşların dədə-baba torpaqlarından
qovulması prosesi başladı. Özbaşınalığın
qarşısını almaq isə yüksək məmurların heç
ağlına belə gəlmirdi. Səbir kasası dolmuş
Azərbaycan xalqı fevralın 19-da etiraz
əlaməti olaraq küçələrə axışdı. Bakıda ilk
mitinqlər keçirildi və hərəkat digər bölgələrə
də təsir göstərdi. Hamı çox gözəl
başa düşürdü ki, bu çıxışlar yeni bir dalğanın
başlanğıcından xəbər verir. Azərbaycanda
xalq hərəkatı yaranırdı.
Azərbaycanda xalq hərəkatını sürətləndirən
amilləri sadalayın. Ölkədə milli azadlıq mübarizəsinin
kəskin şəraitdə baş verdiyini sübut edin.
Fikrinizi faktlarla əsaslandırın.