1978-ci ilin aprelində Azərbaycan SSR-in
yeni Konstitusiyası qəbul edildi. Bu Konstitusiya
mövcud olan dar imkanlar daxilində
xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin
qorunub saxlanması və inkişaf etdirilməsi
üçün hüquqi əsasları genişləndirdi. SSRİ
rəhbərliyinin etirazına baxmayaraq, Heydər
Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan
dili respublikada dövlət dili statusunu
saxladı. O zaman Heydər Əliyevin söylədiyi
və bütün fəaliyyətinin mahiyyətini təşkil
edən “Qoy ədalət zəfər çalsın!” aforizmi
xalqın dilində şüara çevrildi.
Sizcə, yeni Konstitusiyada Azərbaycan dilinin
respublikada dövlət dili statusunu saxlamasına
mərkəzi hakimiyyət niyə qısqanclıqla yanaşırdı?
İrsə sahib çıxma. Milli-mənəvi sərvətlərin
tədqiqi və təbliği, tarixi araşdırmaların geniş
vüsət alması Heydər Əliyev dövrünün həyata
keçirilən tədbirlərindən idi. 1977-ci ildə
Nizami irsinin yenidən öyrənilməsi
haqqında qərar qəbul edildi. Bir zamanlar
“pantürkist” kimi damğalanmış Hüseyn
Cavidin cəsədinin qalıqları 1982-ci ildə
İrkutsk vilayətindən gətirilib Naxçıvanda
torpağa tapşırıldı.
Heydər Əliyev Bakı neftinin İkinci dünya
müharibəsində faşizm üzərində qələbədə
oynadığı ümumdünya tarixi əhəmiyyətli rolunun
SSRİ rəhbərləri tərəfindən etiraf edilməsinə
nail oldu. Nəticədə Bakı Lenin ordeni
ilə təltif edildi.
Naxçıvan MSSR və DQMV-nin iqtisadi və
mədəni tərəqqisinə diqqət artırıldı. Şuşa
şəhərinin inkişafı üçün bir neçə xüsusi qərar
qəbul edildi. Şəhərin tarixi abidələrinin
bərpa olunmasına, yeni binaların tikilməsinə
başlanıldı. 1980-ci illərin əvvəllərində
Molla Pənah Vaqifin qəbri üzərində böyük
məqbərə ucaldıldı. Üzeyir Hacıbəylinin,
Bülbülün ev-muzeyləri açıldı. Natəvanın
heykəli qoyuldu. Şəhərdə böyük mehmanxana,
çoxmərtəbəli yaşayış binaları, inzibati
binalar tikildi. Şuşa ümumittifaq səviyyəli
kurort şəhərinə çevrildi.