qərara görə 100 min azərbaycanlı 1948–1950-ci
illərdə “könüllülük prinsipinə əsasən” Azərbaycana
köçürülməli idi.
Ermənistandan deportasiya olunmuş azərbaycanlılar
Azərbaycan SSR-in Kür-Araz
ovalığı və digər rayonlarında (Saatlı, Göyçay,
İmişli, Əli Bayramlı, Zərdab, Salyan,
Kürdəmir, Sabirabad, Yevlax, Ucar və s.)
yerləşdirildilər. Ermənistan SSR-də etnik təmizləmənin
bu mərhələsində 100 min
nəfərdən çox azərbaycanlı zorla köçürüldü
və ya köçməyə məcbur edildi. Eyni zamanda
Azərbaycanda yaradılan yeni sənaye
mərkəzlərinə – Sumqayıta, Əli Bayramlıya,
Mingəçevirə, Daşkəsənə başqa
respublikalardan minlərlə adam, o cümlədən
erməni yerləşdirildi.
Sizcə, 1948–1950-ci illər deportasiyası zamanı
Azərbaycan rəhbərliyi gələcəkdə Qarabağ
probleminin yaranmasının qarşısını almaq üçün
hansı addımı atmalı idi?
Siyasi rejimdə yumşalma. 1953-cü ilin martında
totalitar sovet sistemini quran İ.Stalin
vəfat etdi. N.Xruşşov Sov.İKP MK-nın Birinci
katibi seçildi. Azərbaycanda M.Bağırov ziyankarlıqda,
qüsurlu rəhbərlik metodlarında,
kadrlara səmərəli fəaliyyət üçün şərait
yaratmamaqda və başqa əməllərdə
təqsirkar bilinib vəzifəsindən kənar edildi.
Tezliklə həbs edildi, xalq düşməni kimi
ölüm cəzasına – güllələnməyə məhkum
olundu.
1954-cü ildə akademik İmam Mustafayev
MK-nın Birinci katibi seçildi. İ.Mustafayev və
həmkarları yeni şəraitdə respublikanın,
xalqın vəziyyətini yaxşılaşdırmağa, milli,
mənəvi dəyərlərin, mədəniyyətin, elmin,
təhsilin inkişaf etdirilməsinə, xalq təsərrüfatının
tərəqqisinə nail olmağa cəhd göstərdilər.
Sənayenin sürətlə inkişafı, yeni iş yerlərinin
açılması, kəndli gənclərin Bakıya
axını nəticəsində paytaxtın iqtisadi-ictimai
həyatında azərbaycanlı kadrların rolu artdı.
Beynəlmiləl şəhər kimi məşhurlaşmış Bakıda
yerli əhalinin tərkibi azərbaycanlıların
xeyrinə dəyişməyə başladı. Bununla da
Moskvanın Bakını beynəlmiləl şəhər kimi
Azərbaycanın tərkibindən çıxarmaq planı
pozuldu.