Cənubi Azərbaycan Rza şahın hakimiyyəti
illərində. 1920-ci illərin ikinci yarısı – 1930-cu
illərdə Cənubi Azərbaycanda müəyyən
sosial- iqtisadi, siyasi və mədəni dəyişikliklər
baş verdi. Bu dövrdə Cənubi Azərbaycanda
xüsusi kapital əsasında onlarla xırda, orta və
iri sənaye müəssisəsi tikildi. Bütün bunların
nəticəsində Cənubi Azərbaycanda milli sənayenin
əsası qoyuldu. Lakin Pəhləvi rejiminin
təmsil etdiyi qüvvələr sosial-iqtisadi
sahələrdə dərin dəyişikliklərin həyata keçirilməsini
istəmir, yalnız öz hakimiyyətini möhkəmləndirmək
məqsədi güdən səthi islahatlarla
kifayətlənirdi.
Bu dövrdə sosial strukturda baş vermiş dəyişikliklərdən
biri də vaxtilə ən güclü və nüfuzlu
təbəqələrdən olan ruhanilərin sayının
azalması və mövqeyinin zəifləməsi oldu.
Rza şah, bütün diktatorlar kimi, heç bir
müxalif qüvvələrlə hesablaşmayan və zorakı
siyasətə üstünlük verən dövlət başçısı
idi. Onun dövlət səviyyəsinə qaldırdığı və
paniranizmə*
söykənən milli zülm siyasəti
qeyri -fars xalqlara, o cümlədən Azərbaycan
türklərinə qarşı maddi və mənəvi həyatın,
demək olar ki, bütün sahələrində həyata
keçirilirdi.
*Paniranizm
farsların qatı millətçi hissəsinin şovinist
nəzəriyyəsi
Türk dilində yazılan kitablar, Təbriz şairlərinin
çap olunmuş əsərləri və əlyazmaları
toplanılıb yandırılırdı. Türkcə coğrafi adlar –
dağ, çay, şəhər, kənd, tarixi türk əsərlərinin
və abidələrinin adları və s. sistemli olaraq
farslaşdırılırdı. Rza şahın mərkəzləşmiş
güclü dövlət yaratmaq məqsədilə apardığı
inzibati siyasət də qeyri-fars millətlərin varlığına,
milli təmərküzləşməsinə qarşı çevrilmişdi.
1937-ci ildə təsdiq olunan yeni inzibati
islahata əsasən Azərbaycan ərazisi bir
neçə ostana – vilayətə bölündü.
Rza şah diktaturasının süqutu. 1941-ci ilin
avqustunda SSRİ və Böyük Britaniya hökuməti
öz qoşunlarını Almaniyanın əlaltısına
çevrilməkdə olan İrana yeritdi. Sovet
qoşunları şimal regionlarını, o cümlədən
Cənubi Azərbaycanı tutdu.