İqtisadiyyat. Arxa cəbhədə də bütün işlər
“Hər şey cəbhə üçün, hər şey qələbə üçün”
şüarı ilə müharibənin tələblərinə uyğunlaşdırılmışdı.
Sənaye və kənd təsərrüfatında
qadınlar, yeniyetmələr cəbhəyə gedənləri
əvəz edirdilər.
Müharibə dövründə, əsasən, Azərbaycan
neftçiləri cəbhələri benzin və digər yanacaqla
təchiz edirdilər. Dünya tarixində ilk
dəfə olaraq neft sisternləri gəmilərin arxasına
bağlanaraq daşınırdı. Azərbaycan
neftçilərinin bu böyük tarixi xidmətləri hələ
müharibə illərində marşallar G.Jukov və
başqaları tərəfindən minnətdarlıqla qeyd
edilmişdir.
“Bakı nefti SSRİ-ni müdafiə etməyə və
düşmən üzərində tezliklə qələbə çalmağa
tam kifayət edirdi”.
Marşal G.Jukovun yazısından
Bütün bunlara baxmayaraq, Sovet İttifaqının
“mühərrik müharibəsi”ndə əldə etdiyi
tarixi qələbədə cəbhənin yanacağa olan
tələbatının böyük hissəsini təchiz edən Bakı
şəhərinə “Qəhrəman şəhər” adı verilmədi.
Halbuki müharibə illərində Bakı SSRİ-nin
əsas neft bazası olmaqla qələbənin qazanılmasına
güclü təsir göstərdi. 1941-ci ilin sonunda
Bakı dünya neft sənayesi tarixində
rekord həcmdə – 23 milyon tondan çox neft
istehsal etmişdi. Müharibə dövründə Bakı
ölkə neftinin 75-80%-dən çoxunu verirdi.