Sizcə, AK(b)P-yə başqa millətlərdən olan
şəxslərin rəhbər təyin edilməsinin səbəbləri nə
ola bilərdi?
Mətndən əldə etdiyiniz məlumatlar əsasında
Azərbaycan SSR-in siyasi idarəetmə sistemini
sxemləşdirin.
Tez-tez dəyişən partiya rəhbərliyi, arası kəsilməyən
mübarizələr, intriqalar respublikanın
iqtisadi və siyasi həyatına mənfi təsir
göstərirdi. 1920–1930-cu illərdə ölkədə həyata
keçirilən irimiqyaslı iqtisadi islahatlar
şəraitində Mərkəzə Azərbaycanda bu çəkişmələrə
və mübarizəyə son qoya biləcək
güclü milli kadr lazım idi. 1933-cü ilin sonunda
Mir Cəfər Bağırovun AK(b)P-nin Birinci
katibi vəzifəsinə təyin edilməsi heç də
təsadüfi deyildi. Zaman göstərdi ki, o, partiya
təşkilatını parçalayan prinsipsiz mübarizələrə,
şəxsi qarşıdurmalara son qoya bildi
və bütün hakimiyyəti əlində cəmləşdirərək,
təxminən, 20 il Azərbaycan Kommunist
Partiyasına rəhbərlik etdi.
Sovet hökumətinin ilk tədbirləri. 1920-ci il
may-iyun ayları ərzində Azərbaycan İnqilab
Komitəsi dövlət quruculuğu sahəsində Rusiya
nümunəsini rəhbər tutaraq bir neçə
mühüm qərar qəbul etdi. Belə ki yerlərdə
qəza, nahiyə və kənd inqilab komitələri, polisin
əvəzinə, “fəhlə-kəndli milisi” yaradıldı.
Azərbaycan İnqilab Komitəsi Xalq Məhkəməsi
haqqında dekret qəbul etdi. Məhkəməyə
ancaq fəhlə və kəndlilərin nümayəndələri
üzv seçilə bilərdilər.
Azərbaycanda əks-inqilabçılığa, təxribatçılığa
qarşı Fövqəladə Komissiya yaradıldı.
Keçmiş AXC ordusunun ləğvi məqsədilə
Azərbaycan İnqilab Komitəsi ordunun və
donanmanın yenidən təşkili haqqında qərar
çıxardı. Qərara əsasən yeni yaradılacaq
Azərbaycan ordusu və donanması, əslində,
sovet Rusiyası Qızıl ordusunun tərkib hissəsi
kimi müəyyən edilirdi. Beləliklə,
müstəqil Azərbaycan Sovet Respublikası
öz mövcudluğunun ilk anlarından dövlətçiliyin
mühüm atributlarının birindən –
ordu saxlanması hüququndan məhrum
edildi.