VIII FƏSİL. AZƏRBAYCAN XX ƏSRİN 20–40-CI İLLƏRİNDƏ
18
Bolşevik istilası və
Azərbaycan SSR-in
yaradılması
Sovet hakimiyyəti, rus-bolşevik işğalı, bolşeviklərin
ilk islahatları, konstitusiya, siyasi
terror, üsyanlar
A
zərbaycan Xalq Cümhuriyyəti rus-bolşevik
müdaxiləsi nəticəsində süquta
uğradı. Onun yerində Rusiyanın himayəsi
ilə Azərbaycan Sovet Sosialist Respublikası
adı altında yeni siyasi qurum yaradıldı.
Faktiki olaraq 1917-ci ildən Azərbaycanda
ağalığını itirmiş Rusiya Azərbaycan SSR-in
yaradılması ilə ölkəyə siyasi və iqtisadi
nəzarəti yenidən öz əlinə aldı. Bu, Rusiyanın
müstəmləkə ağalığının başqa formada
bərpası demək idi.
Azərbaycan SSR-in təşkili. 1920-ci ilin aprel
işğalı nəticəsində AXC süqut etdi. Azərbaycanda
bolşeviklərin hakimiyyətə gəlməsi
ölkənin tarixində özünəməxsus yer tutan
yeni bir dövrün başlanması demək idi. Bu
dövr yeni respublikanın adı ilə Azərbaycan
SSR və ya, sadəcə, sovet dövrü də adlandırılır.
Azərbaycan SSR-in yaradılmasında yerli
bolşeviklər də iştirak etdiyindən bu mərhələ
tarixə İkinci respublika dövrü kimi düşmüşdür.
Zor gücünə AXC-nin varlığına son
qoyan və hakimiyyətin yerli kommunistlərə
verilməsini təşkil edən sovet Rusiyası ilk
vaxtlar işğal faktını ört-basdır etmək üçün
nəinki milli müstəqilliyin əleyhinə çıxmış,
əksinə, özünü onun qorunub saxlanılmasının
“təminatçısı” kimi təqdim etməyə
çalışmışdı. Müstəqilliyin saxlanılmasına ən
tutarlı sübut respublikanın ali rəhbər orqanlarının
Azərbaycan xalqının nümayəndələrindən
təşkil edilməsi ola bilərdi. Bolşeviklər
də burada öz hakimiyyətlərini qurmaq
üçün elə həmin yolu seçmişdilər. Aprel
işğalından sonra Azərbaycanda ilk dövrlərdə
ali qanunverici orqan kimi Müvəqqəti
İnqilab Komitəsi təşkil olundu. Onun
tərkibinə ancaq azərbaycanlılar daxil edildilər.
1920-ci il aprelin 28-də Müvəqqəti
İnqilab Komitəsi azərbaycanlılardan ibarət
yeni hökumətin – Azərbaycan SSR Xalq
Komissarları Sovetinin tərkibini təsdiq etdi.