Xiyabani şəxsən özü bu qurumların işinə
nəzarət edir və vəzifəsini pis yerinə yetirən
şəxslərin adlarını “Təcəddüd” qəzetində
nəşr etdirir, ADF-nin iclaslarında onları ifşa
edirdi. Xiyabani rəsmən iqtidarda olmasa
da, Cənubi Azərbaycanda hər şeyi nəzarətdə
saxlayırdı. ADF-də əhalinin, demək olar
ki, bütün sosial təbəqələri təmsil olunmuşdu.
Buraya orta və xırda burjuaziyanın, orta
mülkədarların, ziyalıların və ruhanilərin
aşağı zümrələrinin nümayəndələri, fəhlə və
kəndlilər də daxil idi. Demokratlar əhalini
xarici işğalçıların ölkədən qovulması və
Cənubi Azərbaycana muxtariyyət verilməsi
uğrunda mübarizəyə çağırırdılar. Bunun
sayəsində də Cənubi Azərbaycanda mübarizə
əhvali-ruhiyyəsi getdikcə artırdı. Təbriz,
Urmiya və Ərdəbildə dövlət məmurlarının
özbaşınalığına qarşı həyəcan və çıxışlar baş
qaldırmışdı. Təbrizdə vəziyyət xüsusilə
kəskin idi. Burada 1917-ci ilin yayında başlanmış
çıxışlar əhalini qarət edən hökumət
nümayəndələrinə qarşı çevrildi. Əhalinin
təkidi ilə şah hökumətinin nümayəndəsi
Təbrizdən uzaqlaşdırıldı.
Əhalinin narazılığını artıran səbəbləri izah edin.