Batum şəhəri və Batum vilayəti ilə bağlı
qaldırdığı iddianın AXC hökuməti tərəfindən
tanınmasını tələb etdi. AXC hökumətinin
bu şərti qəbul etməsinə baxmayaraq,
Gürcüstan hökuməti hərbi yardım göstərmədi.
Mustafa Kamal paşanın başçılığı ilə
Antanta müdaxiləçilərinə qarşı gərgin mübarizə
aparan Türkiyə milli azadlıq qüvvələri
sovet Rusiyası ilə sıx siyasi, hərbi və iqtisadi
əlaqələr qurduğundan AXC-nin bu ölkədən
də yardım alması mümkün deyildi.
AXC-yə hücum hazırlıqlarını tamamlayan
sovet Rusiyasının XI ordusunun komandanlığı
Bakının işğalı məqsədilə 1920-ci il aprelin
21-də əməliyyata başlamaq haqqında
əmr verdi. Bir neçə gün sonra isə verilən
yeni əmrdə artıq bütün Azərbaycanın işğalı
nəzərdə tutulurdu.
Aprelin 26-dan 27-nə keçən gecə XI ordunun
hissələri AXC hüdudlarına soxuldu. Bir
neçə saatlıq döyüşlərdən sonra Yalama və
Xudat stansiyalarını ələ keçirən müdaxiləçilərin
zirehli qatarları Bakıya doğru irəlilədi.
Rusiyanın təcavüzü haqqında xəbər alan
hərbi nazir S.Mehmandarov aprelin 27-də
Qazax və Gəncədə olan Milli Ordu hissələrinin
Bakının müdafiəsinə cəlb edilməsinə
çalışsa da, sovet qoşunlarının Bakıya daxil
olması və şəhərə giriş yollarına nəzarət etməsi
buna imkan vermədi.
AXC-nin hərbi donanması kommunistlərin
tərəfinə keçmişdi. Aprelin 27-də Bakıda
yerli kommunistlərin silahlı dəstələri, buradakı
bəzi türk zabit və əsgərləri silahlı çevriliş
edərək mühüm məntəqələri ələ keçirdi.
Parlamentin sonuncu iclasında hakimiyyətin
yerli kommunistlərə təhvil verilməsi
haqqında qərar qəbul edildi.
Bununla da Azərbaycanın dövlətçilik tarixinin
şanlı səhifəsini yazan AXC yadelli qüvvənin
işğalı nəticəsində süqut etdi.
1920-ci ilin aprelində keçirilən San-Remo
konfransında AXC nümayəndələri sovet Rusiyasının
AXC-yə təcavüzü ilə əlaqədar məlumat
verərək ölkənin müstəqilliyinin bərpa
olunmasına yardım üçün konfransa müraciət
etsələr də, böyük dövlətlər bu hadisəni
sükutla qarşıladı.
1920-ci ildə yaranmış hökumət böhranının səbəbləri
hansılardır?